EN

İranda yaşayan azərbaycanlılar üçün humanitar dəhliz ehtimalı müzakirə olunur - QHT sədri

Son dövrdə ABŞ–İsrail–İran gərginliyinin artdığı bir şəraitdə Azərbaycanın bölgədə humanitar dəhliz rolunda çıxış etməsi məsələsi müzakirə olunur. Bu xüsusilə İranda yaşayan azərbaycanlı soydaşların mümkün humanitar ehtiyacları fonunda gündəmə gəlir. Mövzu ilə bağlı Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az-a açıqlama verib.

İ.Hüseynlinin sözlərinə görə, İran prezidenti Məsud Pezeşkiyan son bəyanatında İranın qonşu dövlətlərin suverenliyini tanıdığını və onların müstəqil dövlət kimi fəaliyyətinin davamlı olmasını arzuladığını bildirib. Müsahibimiz qeyd edib ki, bu bəyanat dolayısı ilə İranın qonşu ölkələrdən müəyyən dəstək gözlədiyini də göstərə bilər.

İlqar Hüseynli bildirib ki, Azərbaycan da beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq İranın ərazi bütövlüyünü tanıyır. Onun sözlərinə görə, İranda yaşayan Cənubi azərbaycanlı soydaşların mümkün humanitar ehtiyacları yarandığı halda Azərbaycan öz sərhədləri boyunca humanitar dəhliz rolunda çıxış edə bilər.

Sədr vurğulayıb ki, Azərbaycan bütövlükdə İran üçün deyil, yalnız sərhədyanı ərazilərdə yaşayan cənublu soydaşlarımız üçün humanitar dəhliz rolunu oynaya bilər.

İ.Hüseynli qeyd edib ki, hazırda İranda baş verən proseslərlə bağlı müxtəlif ehtimallar səsləndirilir. Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatlarının bəzi siyasiləri tərəfindən İranda yaşayan etnik kürdlərlə danışıqlar aparıldığı barədə məlumatlar mətbuatda yer alır. Eyni zamanda, İranın İraq istiqamətində yerləşən kürd birliklərinin rəhbərləri ilə də danışıqların aparıldığı bildirilir.

Sədr bildirib ki, İranda kürd partiyalarının koalisiyada birləşməsi ilə bağlı xəbərlər də yayılır və gələcəkdə ölkədə baş verə biləcək proseslər fonunda yeni federasiya və ya dövlət yaradılması kimi iddialar irəli sürülə bilər.

İlqar Hüseynlinin sözlərinə görə, İranda otuz milyona yaxın azərbaycanlı yaşayır və Azərbaycan dövləti həmin soydaşlarını tək qoymayacaq. O xatırladıb ki, Prezident İlham Əliyev də çıxışlarında “Mən yalnız on milyonluq Azərbaycanın deyil, əlli milyonluq Azərbaycanın prezidentiyəm” ifadəsini səsləndirərək bütün azərbaycanlıların dəstəklənəcəyini vurğulayıb.

Müsahibimiz əlavə edib ki, hazırda İranda kütləvi köç və ya böyük humanitar böhran müşahidə edilmir. Onun sözlərinə görə, hələlik ölkə daxilində ciddi aclıq və ya ərzaq çatışmazlığı kimi vəziyyət yaranmayıb.

İlqar Hüseynli sonda bildirib ki, əgər gələcəkdə müharibə uzanarsa və humanitar fəlakət yaranarsa, Azərbaycan öz imkanlarından istifadə edərək sərhədyanı ərazilərdə yaşayan soydaşlarımız üçün humanitar dəhliz rolunda çıxış edəcəkdir.

Fatimə Nəbiyeva

Chosen
33
qht.az

1Sources