EN

Sabiq rəisinin ürəyində problem yarandı – MƏHKƏMƏ TƏXİRƏ SALINDI

Bakı Ağır Cinayətlər Məhkəməsində Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin ittiham olunduğu çoxmilyonluq korrupsiya işi davam edir.

Musavat.com xəbər verir ki, ittihamlar paytaxtın ən bahalı və gəlirli ərazilərindən biri sayılan Bulvarın illərlə necə idarə olunduğu barədə ciddi suallar ortaya çıxır. Hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən növbəti prosesdə əsas təqsirləndirilən şəxs İlqar Mustafayevin məhkəmədə iştirakı təmin olmayıb. Məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan İlqar Mustafayev məhkəməyə gətirilərkən səhhəti qəfil pisləşib. Onun ürəyində problem yaranıb. Nəticədə sabiq sədr müalicə müəssisəsinə qaytarılıb. Bu səbəbdən proses təxirə salınıb və növbəti iclas qeyri-müəyyən vaxta təyin edilib.

Cinayət işinin başlanmasına səbəb Hesablama Palatasının apardığı yoxlamaların nəticələri olub. Materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən geniş istintaq aparılıb. İstintaqın qənaətinə görə, İlqar Mustafayev rəhbərlik etdiyi dövrdə köməkçisi Rəşad Bədəlov və digər şəxslərlə birlikdə kompleks korrupsiya sxemi qurub. Rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq vəsaiti mənimsəməkdə ittiham olunurlar.

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmaqda ittiham olunur. İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib. İlqar Mustafayev barəsində həbs, digərləri ilə bağlı isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. İstintaq ziyanın ödənilməsini təmin etmək üçün təqsirləndirilən şəxslərin 11 milyon manatdan artıq dəyəri olan əmlaklarının üzərinə həbs qoyub.

E.Məmmədəliyev,
Musavat.com

Chosen
84
9
musavat.com

10Sources