Enerji diplomatiyasından yaşıl gələcəyə doğru ardıcıl strateji kurs
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin on ikinci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclaslarında iştirak etməklə ölkəmizin enerji siyasətinin ardıcıl, uzaqgörən və çoxşaxəli xarakter daşıdığını bir daha nümayiş etdirdi. Bu görüşlər təkcə protokol xarakterli tədbirlər deyil, Azərbaycanın beynəlxalq enerji xəritəsində yerini möhkəmləndirən və gələcək inkişaf trayektoriyasını müəyyən edən mühüm platformalardır.
Cənub Qaz Dəhlizi artıq təkcə bir layihə deyil, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinə verdiyi real töhfənin simvoludur. Prezident İlham Əliyev çıxışında xüsusi vurğuladı ki, bir neçə il əvvəl Azərbaycan qazı on iki ölkəyə ixrac edilirdisə, bu gün bu rəqəm on altıya çatıb və ölkəmiz boru kəmərləri vasitəsilə qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birinci yerdədir. Bu göstərici Azərbaycanın enerji xəritəsində tutduğu mövqenin miqyasını açıq şəkildə göstərir. Dövlət başçısı bildirdi ki, qaz tədarükünün coğrafiyası yalnız Avropa ilə məhdudlaşmır, eyni zamanda Avropa hüdudlarından kənar istiqamətlərə də genişlənir. Bu isə Azərbaycanın enerji siyasətinin çevik və şaxələndirilmiş xarakter daşıdığını təsdiqləyir. Onun sözlərinə görə, əldə olunan nəticələr istehsalçı, tranzit və istehlakçı ölkələr arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlıq modelinin məhsuludur və bu model gələcək illərdə də davam etdiriləcək. Bu proseslərin ölkəmiz üçün əhəmiyyəti çoxşaxəlidir. Enerji ixracının sabitliyi dövlət büdcəsinin dayanıqlığını gücləndirir, yeni investisiyaların cəlb olunmasına şərait yaradır və iqtisadi sabitliyi möhkəmləndirir. Eyni zamanda, Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirir. Bu cür görüşlər ölkəmizin diplomatik mövqeyini gücləndirməklə yanaşı, uzunmüddətli strateji əməkdaşlıq üçün zəmin yaradır.
Bununla paralel olaraq, Yaşıl Enerji Məşvərət Şurasının iclası Azərbaycanın enerji siyasətində yeni mərhələnin artıq reallığa çevrildiyini göstərir. Əgər əvvəlki mərhələdə əsas prioritet karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması idisə, bu gün diqqət mərkəzində enerji keçidi və bərpa olunan mənbələrin inkişafı dayanır. Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası kimi formalaşdırılması, Xəzər dənizinin külək enerjisi potensialının reallaşdırılması və günəş enerjisi layihələrinin genişləndirilməsi Azərbaycanın gələcəyə hesablanmış siyasətinin bariz nümunəsidir.
Bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Yaşıl enerji layihələri təkcə ekoloji baxımdan deyil, həm də iqtisadi baxımdan yeni imkanlar yaradır. Enerji mənbələrinin şaxələndirilməsi ölkənin gəlirlərinin davamlılığını təmin edir, yeni texnologiyaların tətbiqinə və müasir idarəetmə mexanizmlərinin formalaşmasına şərait yaradır. Eyni zamanda, Azərbaycanı gələcəkdə yaşıl enerjinin ixracçısına çevirmək perspektivi regionun enerji balansında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Bu görüşlərin ümumi mahiyyəti ondan ibarətdir ki, Azərbaycan həm ənənəvi enerji sahəsində qazandığı mövqeyi qoruyur, həm də qlobal enerji keçidinə uyğun şəkildə yeni prioritetlər müəyyən edir. Burada ardıcıllıq və balans əsas prinsip kimi çıxış edir. Bir tərəfdən mövcud resurslardan maksimum səmərə əldə olunur, digər tərəfdən isə gələcəyin enerji modelinə uyğun infrastruktur və tərəfdaşlıq platformaları formalaşdırılır.
Nəticə etibarilə, Prezident İlham Əliyevin bu iclaslarda iştirakı Azərbaycanın enerji siyasətinin situativ deyil, strateji xarakter daşıdığını təsdiqləyir. Ölkəmiz həm enerji təhlükəsizliyinin təminində etibarlı tərəfdaş kimi çıxış edir, həm də yaşıl enerji gündəliyinə real töhfə verir. Bu isə Azərbaycanın regional liderlik mövqeyini daha da möhkəmləndirir və onu qlobal enerji dialoqunun vacib iştirakçılarından birinə çevirir.
Zahir Qəhrəmanov
YAP Şirvan şəhər təşkilatının sədri