EN

“Müəllim danışır, şagird dinləyir” dövrü bitdi: Naxçıvanda yeni təhsil modeli - Reportaj

Naxçıvan, 5 mart, AZƏRTAC

Müasir tədris mühiti, ingilis dilində sərbəst ünsiyyət quran, proqramlarla işləyən, innovativ layihələr hazırlaya bilən şagirdlər və peşəkar təhsil mütəxəssisləri, innovativ dərs prosesi... Bütün bunlar Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Kembric Məktəbinin əsas xüsusiyyətlərini və təhsil-təlim metodikasını təşkil edir.

AZƏRTAC-ın bölgə müxbiri məktəbdə olub, mövcud tədris şəraiti, perspektivlər və hədəflərlə bağlı müəllim və şagirdlərlə söhbət edib.

Beynəlxalq Kembric Məktəbi "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" əsasında yaradılıb və 2024-cü ildə fəaliyyətə başlayıb. Məktəbin maddi-texniki bazası kifayət qədər zəngindir. Burada iki kompüter, STEAM, kimya, fizika və biologiya laboratoriyaları, məktəbdaxili idman zalı və məktəbin həyətində idman dərsləri üçün nəzərdə tutulmuş qurğular mövcuddur. Müəssisə beynəlxalq təhsil standartları əsasında fəaliyyət göstərir və "Kembric" proqramını tətbiq edir. Şagirdlər dünya miqyasında tanınan kurikulum üzrə oxuyur, onların bilik və bacarıqları beynəlxalq meyarlarla ölçülür.

Məktəbin direktoru Bayram Əliyev deyir ki, təhsil ocağının yaradılması işlərinə 2023-cü ildən start verilib və üç əsas istiqamət üzrə sistemli fəaliyyət həyata keçirilib: "Birinci istiqamət kadr hazırlığı olub. Görülən işlərin nəticəsi kimi, hazırda məktəbdə çalışan müəllimlərin böyük əksəriyyəti yerli kadrlardır. Yalnız iki xarici müəllim fəaliyyət göstərir. İkinci istiqamət şagird hazırlığı ilə bağlı idi. 2023-cü ildə məktəbin hazırlıq proqramı qurulub, şagirdlər üçün ingilis dilində xüsusi hazırlıq kursları təşkil edilib. Üçüncü istiqamət isə məktəbin sənədləşmə sisteminin və maddi-texniki bazasının “Kembric” standartlarına uyğunlaşdırılması olub. Bu sahədə aparılan işlər nəticəsində məktəb beynəlxalq proqram əsasında fəaliyyət göstərmək hüququ qazanıb".

Bayram müəllim qeyd edir ki, 2024-cü ildə məktəbdə 70 şagird təhsil alırdısa, 2025-ci ildə bu, 130 şagirdə çatıb. Gələcəkdə şagirdlərin sayının daha da artacağı gözlənilir. Çünki məktəbdə Kembricin yuxarı siniflər üzrə digər proqramlarının da lisenziyası alınacaq və hazırda bu istiqamətdə müvafiq işlər aparılır.

"Məktəb Naxçıvanda beynəlxalq proqram üzrə fəaliyyət göstərən yeganə təhsil müəssisəsidir. Burada xarici ölkələrdən, o cümlədən Türkiyədən olan şagirdlər də təhsil alırlar. Qeyd etdiyim kimi, iki xarici müəllim də fəalliyyət göstərir. Onlar, eyni zamanda, bizim akademik koordinatorlarımızdır. Gələcəkdə xarici ölkə müəllimlərinin sayının artırılması planlaşdırılır. Məktəbin əsas missiyası öz milli-mənəvi dəyərlərinə sadiq, Vətənini və mədəniyyətini sevən, eyni zamanda, dünya mədəniyyətlərinə bələd olan, qlobal düşüncə tərzinə malik gənc kadrlar yetişdirməkdir. Çünki gələcəkdə ölkəmizin məhz belə geniş dünyagörüşlü, peşəkar və vətənpərvər kadrlara daha çox ehtiyacı olacaq. Bu məqsədlə məktəbin bütün fəaliyyəti strateji və sistemli şəkildə qurulub", - deyə məktəbin direktoru əlavə edir.

Naxçıvan Dövlət Universitetinin nəzdində Beynəlxalq Kembric Məktəbi ilə tanışlıq zamanı aydın olur ki, sinif otaqlarında ənənəvi “müəllim danışır, şagird dinləyir” modeli yoxdur. Burada şagirdlər müzakirə edir, təqdimat hazırlayır, layihələr üzərində işləyir və sərbəst fikir yürüdürlər. Müəllimlər isə onlara düzgün yön və istiqamət aşılayırlar. Məktəbdə ingilis dili əsas ünsiyyət vasitəsidir və şagirdlər dərs zamanı fikirlərini bu dildə ifadə edirlər. Ənənəvi metodlardan fərqli olaraq, burada şagirdlər dili tərcümə yolu ilə deyil, dil mühitində yaşayaraq və həmin dildə düşünərək mənimsəyirlər. Məktəbin müəllimi Türkan Həsənzadə bildirir ki, şagirdlərin ingilis dilində özlərini sərbəst ifadə etmə bacarığı onların gələcək karyeralarında böyük perspektivlər açacaq: "Əsas məqsəd uşaqlarda düzgün və analitik düşünmə, analiz etmə, öz fikrini aydın ifadə etmə və problem həll etmə bacarıqlarını formalaşdırmaqdır. Ümumiyyətlə, “Kembric” proqramının Naxçıvanda tətbiqi region üçün böyük perspektivlər açır. Bu proqram valideynlərə övladlarını beynəlxalq təhsil proqramının tətbiq olunduğu mühitdə yetişdirmək imkanı yaradır. Belə mühitdə formalaşan gənclər gələcəkdə dünyaya açıq, rəqabətqabiliyyətli nəsil kimi yetişəcəklər. Ümumilikdə, Beynəlxalq Kembric Məktəbi Naxçıvanda təhsil potensialının gücləndirilməsinə, keyfiyyətinin yüksəldilməsinə, yeni pedaqoji yanaşmaların tətbiqinə və beynəlxalq təcrübənin yerli mühitə inteqrasiyasına böyük töhfə verəcək".

Beynəlxalq Kembric Məktəbində istedadlı şagirdlər kifayət qədərdir. Özünü həm yaradıcı sahədə, həm də dərslərdə yaxşı tərəfdən göstərən fəal uşaqlardan biri də Şəms İsayevadır. O, Azərbaycan, türk, ingilis, alman və italyan dillərində sərbəst danışa bilir. Dərsdən sonra yaradıcılığa da vaxt ayırır, pianoda ifa edir, maraqlı rəsmlər çəkir. Gələcəkdə ən böyük arzusu isə kimyaçı alim kimi yetişmək, elmimizi xaricdə uğurla təbliğ və təmsil etməkdir. Bu barədə danışarkən deyir: "Görkəmli kimyaçı alim olan Yusif Məmmədəliyevin həyatı və fəaliyyəti məni çox maraqlandırır. Mən də gələcəkdə onun kimi kimyaçı alim olmaq istəyirəm. "Kembric" proqramı əsasında fəaliyyət göstərən məktəbdə oxumağımın əsas səbəbi xarici dilləri mükəmməl öyrənmək və gələcəkdə xaricdə ölkəmizi layiqincə təmsil etmək arzusudur. İnanıram ki, burada qazandığım bilik və bacarıqlar məqsədlərimə çatmağımda mühüm rol oynayacaq".

Dərs prosesində qrup işləri, interaktiv oyunlar, layihəəsaslı tapşırıqlar, təqdimatlar və praktiki fəaliyyətlər geniş yer tutur. Məktəbdə yaradılan müasir STEAM kabinəsi intellektual düşüncəli şagirdlərin öz dərin biliklərini praktikaya çevirməyə imkan yaradır. Burada bacarığını ortaya çıxaran uşaqlardan biri də İzzət Əliyevdir. İzzət hazırda evlərdə qaz sızmasının və yanğının qarşısını almaq üçün bir sistem üzərində çalışır. "Bu sistemdə qaz və yanğın sensorları mövcuddur. Bu sensorlar qaz sızmasını və yanğın təhlükəsini əvvəlcədən aşkarlayır və vaxtında tədbir görməyə kömək edir. Bu sistem sayəsində evlərimizin təhlükəsizliyini təmin edə bilərik. Layihəni hazırlamaqda əsas məqsədim evlərin qaz sızması və yanğın kimi problemlərlə üzləşməsini nəzərə alaraq təhlükəsizliyə töhfə verməkdir”, - deyə o əlavə edir. Gələcəkdə "data analisti" olmaq istəyən İzzət ölkəmizdə süni intellektin inkişafına töhfə vermək niyyətindədir.

Asif Axundzadə məktəbin 7-ci sinif şagirdidir. Əsas maraği İT dərslərinədir və müxtəlif proqramlaşdırma dillərini öyrənir: "Python" dünyada ən vacib, populyar proqramlaşdırma dillərindən biridir. Bu dil ən kiçik proqramlardan tutmuş, milyonlarla insanın istifadə etdiyi böyük sistemlərə qədər geniş sahədə tətbiq olunur. Başqa sözlə, adi "kalkulyator"dan böyük supermarketin anbar yoxlama sisteminədək bir çox proqramlarda "Python"dan istifadə edilir. Biz məktəbdə bu proqramlaşdırma dilini öyrənərək gələcəkdə müxtəlif sahələr üzrə ixtisaslaşa bilərik. Mən də proqramlaşdırma dillərini öyrənərək dünyanın ən nüfuzlu universitetlərində mexanika mühəndisliyi üzrə təhsil almaq istəyirəm".

Beynəlxalq Kembric Məktəbi Naxçıvanda təhsilin inkişafında mühüm mərhələ hesab olunur. Bu təşəbbüs regionda beynəlxalq standartlara uyğun təhsil modelinin formalaşmasına və insan kapitalının güclənməsinə xidmət edir. Məktəblə tanışlıqdan aydın olur ki, burada yalnız dərs keçilmir, gələcəyin intellektual təfəkkürlü, süni intellektin imkanlarından geniş istifadə edə bilən mütəxəssisləri yetişdirilir.

Müxbir - Nail Əsgərov

Chosen
40
1
azertag.az

2Sources