EN

Qızlar IT ixtisaslarını niyə az seçir? - Nazir müavini səbəbləri AÇIQLADI

«Rəqəmsal maneələr rəqəmsallaşma şəraitində daha qabarıq görünür. Qızlar IT ixtisaslarını 1,5–2 dəfə az seçirlər. Bu da müəyyən stereotiplərlə bağlıdır”.

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov parlamentdə “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

Nazir müavini əlavə edib ki, təhsil maraqları qızlar və oğlanlar arasında müxtəlifdir:

“Araşdırmalar göstərir ki, dünya üzrə qadınlar STEAM (elm, texnologiya, mühəndislik, riyaziyyat) məzunlarının cəmi 35%-ni təşkil edir. Ölkəmizdə STEAM fənləri  üzrə ali məktəblərdə tələbələr arasında qadınların payı 37,1%-i keçmir. Eyni zamanda, humanitar istiqamətlərdə bu göstərici 79,7%-ə çatır. Məlumdur ki, texniki ixtisaslar ənənəvi olaraq daha yüksək gəlir təmin edir.

Bəzən qadınların təhsili və karyerası ailə öhdəliklərinə nisbətən ikinci dərəcəli kimi qəbul edilir. Qızların 76,4%-i humanitar sahələrə, oğlanların 62,8%-i (bütün tələbər arasından) isə texniki ixtisaslara yönəlir. Bu da ailədə və məktəbdə stereotiplərin mövcud olduğunu göstərir”.

F.Qurbanovun fikrincə, bütün cəmiyyətlərdə olduğu kimi, Azərbaycan cəmiyyətində də gender stereotipləri mövcuddur və əksər hallarda insanlar arasında münasibətlər bu stereotiplər əsasında formalaşır.

Nazir müavini  bildirib ki, elm və təhsildə gender bərabərliyi cinsindən asılı olmayaraq bərabər hüquqların, imkanların və əməyin obyektiv qiymətləndirilməsinin təmin olunmasını nəzərdə tutur. Bu, balanslaşdırılmış təmsilçilik, stereotiplərin aradan qaldırılması və təhsilə bərabər çıxışı əhatə edir:

“Beynəlxalq təşkilatlar tərəfindən çoxsəviyyəli maneələr – hüquqi, institusional, sosial-mədəni, iqtisadi və regional – ətraflı şəkildə araşdırılır və bu maneələrin qeyd olunan prinsiplərin həyata keçirilməsinə əngəl törətdiyi müəyyən edilir. Belə maneələr faktiki bərabərliyə nail olunması üçün sistemli çətinliklər yaradır. Onların aradan qaldırılması üçün kompleks mexanizmlər əsaslandırılır: bunlar normativ-hüquqi bazaya dəyişikliklərin edilməsi, təhsil proqramlarının gender ekspertizasının tətbiqi, cinsə ayrı-seçkiliyə görə inzibati məsuliyyətin müəyyən olunması, monitorinq və maarifləndirici təşəbbüslərin təşkili”.

Chosen
7
azedu.az

1Sources