EN

Makron Netanyahunu Livanda quru əməliyyatından çəkinməyə çağırıb

Fransa prezidenti İsrail və Livan rəhbərliyi ilə danışıqlarda regionda gərginliyin artmasından narahatlığını ifadə edib..

Poliqon xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron Livandakı vəziyyətlə bağlı açıqlamasında bildirib. Onun sözlərinə görə, o, İsrailin baş naziri Benyamin Netanyahu, Livan prezidenti Cozef Aun və ölkənin baş naziri Nəvaf Salam ilə telefon danışığı apararaq regionda yaranmış gərgin vəziyyəti müzakirə edib.

Makron qeyd edib ki, danışıqlar zamanı tərəflərə bölgədə gərginliyin daha da artmasının qarşısının alınmasının vacibliyini vurğulayıb. O bildirib ki, Livan ərazisindən İsrailə və digər ölkələrə qarşı “Hizbullah” tərəfindən həyata keçirilən hücumların dərhal dayandırılması zəruridir.

Fransa prezidenti bildirib ki, bu cür eskalasiya strategiyası region üçün ciddi risklər yaradır və Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər. Eyni zamanda o, İsrail rəhbərliyini Livanın ərazi bütövlüyünə hörmət etməyə və mümkün quru hərbi əməliyyatından çəkinməyə çağırıb.

“Baş nazir Netanyahunu Livanın ərazi bütövlüyünü qorumağa və quru hücumundan çəkinməyə qəti şəkildə çağırdım. Tərəflərin atəşkəs razılaşmasına qayıtması son dərəcə vacibdir”, deyə Emmanuel Makron qeyd edib.

Fransa prezidenti əlavə edib ki, Paris regionda sabitliyin qorunması istiqamətində beynəlxalq tərəfdaşları ilə əməkdaşlığı davam etdirəcək. Onun sözlərinə görə, Fransa Livan Silahlı Qüvvələrinin ölkənin suverenliyinin təmin olunması və “Hizbullah”dan qaynaqlanan təhlükənin aradan qaldırılması istiqamətində fəaliyyətinə dəstəyini davam etdirəcək.

Makron həmçinin Livanın cənubunda yaranmış ağır humanitar vəziyyətə də diqqət çəkib. O bildirib ki, Fransa məcburi köçkün vəziyyətinə düşmüş Livan vətəndaşlarına yardım göstərmək üçün təcili tədbirlər görəcək.

Fransa prezidentinin sözlərinə görə, Livan xalqı ilə həmrəylik və regionda sabitliyin qorunması Parisin Yaxın Şərq siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır.

Poliqon.info

Chosen
24
poliqon.info

1Sources