EN

Atasını əvəz etməyə hazırlaşan Müctəba Xamenei kimdir?

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

İranın mərhum Ali Lideri Seyid Əli Xameneinin oğlu Müctəba Xameneinin atasının postuna təyin edilməsi barədə məlumat yayılıb.

“Qafqazinfo” xəbər verir ki, “Reuters” onun şəxsiyyəti və həyat yoluan nəzər salıb.

Bəs Müctəba Xamenei kimdir?

İranda Ali Lider postuna əsas namizədlərdən biri kimi göstərilən Müctəba Xamenei uzun illərdir ölkənin siyasi və təhlükəsizlik elitası daxilində təsirli fiqur sayılır. O, ABŞ-İsrail hücumlarında öldürülən Ali Lider Əli Xameneinin oğludur və atasının vəfatından sonra potensial varis kimi ön plana çıxıb.

56 yaşlı Müctəba Xamenei ABŞ-İsrail hava müharibəsindən sağ çıxıb və hakimiyyət dairələrində ali lider postuna əsas namizədlərdən biri kimi qiymətləndirilir.

Müctəba Xamenei illər ərzində İranın elit hərbi qurumu olan İslam İnqilabı Keşikçiləri Korpusu ilə sıx əlaqələr qurub. Mənbələrin sözlərinə görə, bu münasibətlər ona İranın siyasi və təhlükəsizlik aparatında əlavə təsir imkanı verib. O, atasının “qapıçısı” kimi xarakterizə olunur və pərdəarxası qərarların qəbulunda rol oynadığı iddia edilir.

ABŞ-də fəaliyyət göstərən “United Against Nuclear Iran” (“Nüvə İranına Qarşı Birlik”) təşkilatının İslam İnqilabı Keşikçiləri Korpusu üzrə araşdırmalar rəhbəri Kəsra Ərəbi bildirib ki, Müctəbanın xüsusilə İnqilab Keşikçiləri daxilində, gənc və radikal nəsillər arasında ciddi dəstəyi var. Onun sözlərinə görə, Müctəba artıq müəyyən mənada “mini ali lider” kimi fəaliyyət göstərir.

Ekspertlər Assambleyasının üzvü Əhməd Xatəmi dövlət televiziyasına açıqlamasında yeni ali liderin seçilməsi prosesinin “yekun mərhələyə yaxınlaşdığını” bildirib. O, namizədlərin adını çəkməsə də, qərarın tezliklə açıqlanacağını deyib.

İranda Ali Lider dövlətin bütün əsas istiqamətləri, o cümlədən, xarici siyasət və nüvə proqramı üzrə son sözü deyən şəxsdir. Qərb ölkələri Tehranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışır, İran isə proqramının yalnız mülki məqsədlər daşıdığını bəyan edir.

Müctəba Xamenei 1969-cu ildə Məşhəd şəhərində anadan olub. O, atasının şah rejiminə qarşı mübarizə apardığı dövrdə böyüyüb və gənc yaşlarında İran-İraq müharibəsində xidmət edib.

Təhsilini İranın əsas şiə ilahiyyat mərkəzi olan Qum şəhərində alıb. O, “Höccətülislam” dini rütbəsinə malikdir. Bu rütbə “Ayətullah” səviyyəsindən bir pillə aşağıdır. Tənqidçilər onun ali lider olmaq üçün yetərli dini legitimliyə malik olmadığını iddia edirlər.

Müctəba indiyədək rəsmi dövlət vəzifəsi tutmayıb. O, əsasən, liderə sədaqət mitinqlərində çıxış edib və nadir hallarda ictimaiyyət qarşısında görünür.

2019-cu ildə ABŞ Xəzinədrlıq Departamenti Müctəba Xameneiyə qarşı sanksiyalar tətbiq edib. Nazirlik onu rəsmi vəzifə daşımamasına baxmayaraq, Ali Lideri təmsil etməkdə və bəzi səlahiyyətləri icra etməkdə ittiham edib.

Məlumatlarda onun İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələri və Keşikçilərə bağlı dini milis olan “Bəsic” ilə sıx əməkdaşlıq etdiyi bildirilir.

Müctəbanın adı 2005-ci ildə prezident seçilən Mahmud Əhmədinejadın yüksəlişi ilə də əlaqələndirilib. O, 2009-cu ildə Əhmədinejadın mübahisəli şəkildə yenidən prezident seçilməsini dəstəkləyib. Həmin seçkilərdən sonra baş verən etirazlar təhlükəsizlik qüvvələri tərəfindən zorakılıqla yatırılıb.

Seçkilərdə iştirak edən mötədil ruhani Mehdi Karrubi o vaxt Ali Liderə məktub yazaraq, Müctəbanın seçki prosesinə müdaxilə etdiyini iddia edib. Əli Xamenei isə bu ittihamları rədd edib.

2022-ci ildə polis nəzarətində saxlanılan gənc qadının ölümü ilə bağlı ölkədə baş verən iğtişaşlar zamanı Müctəba Xamenei etirazçıların tənqid hədəfinə çevrilmişdi.

2024-cü ildə onun Qum şəhərində keçdiyi İslam fiqhi dərslərini dayandırdığını açıqlayan video geniş yayılmış və müxtəlif şayiələrə səbəb olmuşdu.

Müctəba atasına zahirən çox bənzəyir və qara seyid çalması taxır ki, bu da ailəsinin nəslinin Məhəmməd Peyğəmbərə gedib çıxdığını göstərmək məqsədi daşıyır.

Onun şənbə günü hücumlarda öldürülən həyat yoldaşı isə sərt xətt tərəfdarı kimi tanınan, keçmiş parlament spikeri Qulaməli Haddad-Adelin qızıdır.

Keçmiş prezident İbrahim Rəisinin 2024-cü ildə helikopter qəzasında həlak olmasından sonra Müctəba Xameneinin adı Ali Lider postu üçün əsas namizədlər sırasında daha çox hallanmağa başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
22
qafqazinfo.az

1Sources