EN

Məktəbdə telefonlara tam qadağa düzgün yanaşma deyil - AÇIQLAMA

Ötən günlərdə Prezident İlham Əliyev uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən məktəbəqədərhazırlıq və ümumi təhsil pillələri üzrə təhsil proqramlarına, o cümlədən məzmun standartlarına rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış mövzuları daxil ediləcək. Bununla yanaşı, mediada valideynlərə, müəllimlərə və uşaqlara yönəlmiş maarifləndirmə proqramlarının hazırlanaraq həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, dövlət başçısının sərəncamına əsasən məktəblərdə telefon istifadəsini tənzimləyən qaydalar da hazırlanacaq.

Redaktor.az-a danışan keçmiş deputat, Əməkdar müəllim Sona Əliyevanın sözlərinə görə, son illər uşaqların rəqəmsal mühitdə həddindən artıq çox zaman keçirməsi həm təhsil sistemi, həm də cəmiyyət üçün yeni çətinliklər, suallar və məsuliyyətlər yaradır:

"Bu baxımdan, Prezident İlham Əliyevin uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı imzaladığı sərəncamı olduqca vacib və vaxtında atılmış addım hesab edirəm. Çünki artıq uşaqların təhlükəsizliyi yalnız məktəbdə keçirdikləri müddət ərzində olduqları fiziki mühitlə ölçülmür. Onların virtual aləmdə qarşılaşdıqları informasiya mühiti, məzmun və "rəqəmsal davranışları" da eyni dərəcədə diqqət tələb edir.

Əslində, dünya təcrübəsi göstərir ki, rəqəmsal savadlılıq bu gün ən vacib həyat bacarıqlarından biridir. Bir çox ölkələrdə şagirdlərə yalnız kompüterdən istifadə etməyi deyil, informasiya ilə işləməyi, saxta məlumatı ayırd etməyi, şəxsi məlumatlarını qorumağı və onlayn mühitdə etik davranmağı öyrədirlər. Yəni məqsəd uşaqları texnologiyadan uzaqlaşdırmaq deyil, onları rəqəmsal mühitdə düşünən və məsuliyyətli istifadəçi kimi yetişdirməkdir".

Müsahibimizin fikrincə, Azərbaycan üçün də təhsil proqramlarına rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış mövzularının daxil edilməsi çox düzgün yanaşmadır:

"Amma burada vacib məsələ yalnız mövzuların proqramda yer alması deyil, onların necə öyrədilməsidir. Bu mövzular quru nəzəri məlumat kimi deyil, real situasiyalar üzərində qurulan praktik dərslər şəklində təqdim olunmalıdır. Məsələn, uşaqlar sosial şəbəkələrdə təhlükəli məzmunu necə tanımalı olduqlarını, şəxsi məlumatlarını necə qorumalı olduqlarını və onlayn mühitdə zorakılıqla qarşılaşdıqda necə davranmalı olduqlarını öyrənməlidirlər. Bunun üçün isə müəllimlərin də bu sahədə xüsusi hazırlığı vacibdir.

Sərəncamda diqqət çəkən digər mühüm məqam valideynlər və müəllimlər üçün maarifləndirmə proqramlarının hazırlanmasıdır. Çünki uşaqların rəqəmsal davranışını yalnız məktəb tənzimləyə bilməz. Ailə burada həlledici rol oynamalıdır. Valideynlər uşağın telefondan və internetdən istifadə qaydalarını bilməli, bu mövzuda uşaqlarla açıq dialoq qurmağı bacarmalıdırlar".

Məktəblərdə telefonlardan istifadə qaydalarının hazırlanması məsələsinə gəldikdə isə Sona Əliyeva hesab edir ki, burada qadağa yanaşmasından çox, balanslı, adaptiv modelə ehtiyac var:

"Dünyanın bir çox ölkəsində mobil telefonların dərs zamanı istifadəsi məhdudlaşdırılır, amma tam qadağan edilmir. Çünki düzgün istifadə olunduqda bu alətlər tədris prosesinə dəstək verə bilər. Lazım olarsa, ən doğru yanaşma telefonların və ya digər texnoloji alətlərin dərs zamanı müəllimin nəzarəti altında və tədris məqsədilə istifadə olunması, digər hallarda isə məhdudlaşdırılmasıdır".

Əməkdar müəllim vurğuladı ki, sərəncamı müasir dövrün çağırışlarına uyğun və strateji addım hesab edir:

"Əsas məsələ isə qəbul olunan qərarların yalnız sənəd səviyyəsində qalmaması, bu qərarların məktəblərin gündəlik həyatında real şəkildə tətbiq olunmasıdır. Bu isə həm də kurikulumun verilmiş qərarlara uyğun olaraq yenilənməsindən, müəllim hazırlığından və valideynlərin bu prosesdə aktiv iştirakından asılı olacaq".

Filologiya elmləri doktoru, professor Vüsalə Ağabəyli isə bildirdi ki, Prezident İlham Əliyevin uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı imzaladığı sərəncam çox aktual və strateji baxımdan əhəmiyyətli addımdır.

Müsahibimiz qeyd etdi ki, müasir dövrdə rəqəmsal mühit uşaqların həyatının ayrılmaz hissəsinə çevrilib və bu sahədə sistemli yanaşmanın tətbiqi artıq zərurətə çevrilmişdi:

"Məktəblilər arasında yayılan oyunlar, sosial dələduzluq, yeniyetmələri psixoloji təsirə salan, hətta intihara belə sürükləyən proqramlar, o cümlədən süni intellekt alətlərindən düzgün istifadə qaydaları hazırkı cəmiyyətimiz üçün həm narahatedici, həm də həlli üçün təcili diqqət yetirilməli olan məsələlərdir. Rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış mövzularının məktəbəqədər və ümumi təhsil proqramlarına daxil edilməsi son dərəcə vacibdir. Mən hesab edirəm ki, bu istiqamətdə iş mərhələli şəkildə, yəni uşaqların yaşına uyğun model əsasında qurulmalıdır. Uşaqlar artıq erkən yaşlardan internetə çıxış əldə edirlər. Bunun inkişaf tərəfləri olduğu kimi, təhlükəli tərəfləri də var. Buna görə də məktəbəqədər mərhələdən başlayaraq təhlükəsiz davranışın əsasları, yəni şəxsi məlumat nədir, yad insanlarla ünsiyyət qaydaları və sair kimi mövzular onlarla müzakirə olunmalıdır".

Professorun fikrincə, ibtidai siniflərdə şəxsi məlumatların qorunması, şifrələrin mühafizəsi, etik onlayn ünsiyyət kimi mövzular, yuxarı siniflərdə isə media savadlılığı, dezinformasiya ilə mübarizə və kibertəhlükəsizlik kimi mövzuların sistemli şəkildə tədris olunması çox yaxşı olar:

"Bu mövzuların ayrıca fənn kimi deyil, informatika, həyat bilgisi, konstitusiya, hətta ədəbiyyat dərslərinə də inteqrativ şəkildə daxil edilməsi daha effektiv nəticə verə bilər. Bizə lazımdır ki, bu mövzular sadəcə formal deyil, praktik xarakter daşısın və əhəmiyyəti anlaşılsın. Bununla yanaşı, müəllimlərin ixtisasartırma təlimləri və valideynlər üçün maarifləndirici proqramların təşkili də paralel aparılmalıdır. Çünki rəqəmsal təhlükəsizlik yalnız məktəbin deyil, ailə və cəmiyyətin ortaq məsuliyyətidir.

Təhlükəli proqramları, intihara və ya cinayətə sürükləyən onlayn oyunları nəzarət altına ala biləcək və önləyəcək IT mütəxəssisləri də bu işdə səfərbər olunmalıdır. Bəzən virtual təbliğat və reklamlar, sırf təsirə hədəflənmiş mexanizmlər real təsirlərdən, yəni valideynin və müəllimin təsirindən daha güclü olur. Buna görə də prosesləri izləyə biləcək təyinedici mexanizmlər və ya proqramlar da yaradılmalıdır. Yəqin ki, IT mütəxəssisləri bunu bacararlar.

Məktəblərdə telefon istifadəsi ilə bağlı qaydaların hazırlanmasına gəlincə, mən tam qadağanın deyil, tənzimlənmiş və məqsədyönlü istifadənin tərəfdarıyam. Telefon diqqətin yayınmasına səbəb ola bilər, lakin eyni zamanda düzgün istiqamətləndirildikdə tədris aləti kimi də faydalıdır. Bu baxımdan məktəbdaxili qaydalar, dərs zamanı istifadənin məhdudlaşdırılması və rəqəmsal etik davranış kodeksinin hazırlanması daha balanslı yanaşma olardı.

Ümumilikdə hesab edirəm ki, əsas məqsəd qadağa tətbiq etmək deyil, uşaqlarda rəqəmsal məsuliyyət və təhlükəsizlik mədəniyyətini formalaşdırmaq olmalıdır. Sistemli, elmi əsaslandırılmış və mərhələli yanaşma uzunmüddətli və düzgün nəticələr verə bilər".

Aytəkin TOFİQQIZI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc olunub.

 

2
Chosen
77
3
redaktor.az

4Sources