EN

Gürcüstanda müxtəlif sahələrdə uğur qazanmış işgüzar azərbaycanlı qadınlarla görüş təşkil edilib

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Tbilisi, 4 mart, AZƏRTAC

Gürcüstanın Marneuli şəhərində Kvemo Kartli bölgəsidə olan işgüzar azərbaycanlı qadınlarla görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüş Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə baş tutub.

Komitənin layihələri çərçivəsində Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinin sədri Leyla Əmrahova bildirib ki, tədbirin məqsədi öz işində uğur əldə etmiş qadınların fəaliyyətinin işıqlandırılması, onların nailiyyətlərinin təqdim olunması və qarşılıqlı fikir mübadiləsi üçün platformanın yaradılmasıdır.

Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Şəfəq Binnətova qurumun xaricdə yaşayan azərbaycanlılara göstərdiyi dəstək barədə məlumat verib. Bildirib ki, Komitə xaricdəki azərbaycanlı qadınların bir araya gəlməsi, həmçinin Gürcüstanda müxtəlif sahələrdə fəaliyyət göstərən işgüzar qadınların gürcü ictimaiyyətinə inteqrasiya olunmasına və bu mövzuda müxtəlif forumların keçirilməsinə daim dəstək olub. Bu, soydaşlarımızın bir-biri ilə əlaqə qurmasına və ortaq layihələr icra etməsinə şərait yaradır. Komitə tərəfindən xaricdə doğulub böyüyən gənc nəslin ana dilini, mədəniyyətini və tariximizi unutmaması üçün, “Həftəsonu məktəbləri"nin fəaliyyətinə dəstək verilir. Qadınların rəhbərlik etdiyi mədəniyyət mərkəzləri stimullaşdırılır.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi zamanı və ondan sonra diaspor fəalı olan qadınlarımız informasiya cəbhəsində böyük işlər görüblər. Komitə bu fəaliyyətləri daim diqqət mərkəzində saxlayır və yüksək qiymətləndirir.

Daha sonra tibb, mədəniyyət, idman, psixologiya, təhsil və digər sahələrdə çalışan qadınlar çıxış edib, qazandıqları uğurdan danışıb, göstərilən dəstəyə görə, Azərbaycan dövlətinə minnətdarlıq ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
93
1
azertag.az

2Sources