"Bu gün Yaxın Şərqdə müşahidə olunan qarşıdurma meylləri təkcə regional deyil, qlobal təhlükəsizlik sisteminə təsir göstərən amilə çevrilib. Azərbaycan isə ardıcıl olaraq münaqişələrin güc yolu ilə deyil, siyasi-diplomatik mexanizmlər vasitəsilə həllinin tərəfdarı kimi çıxış edir. Bu yanaşma ölkəmizin həm Qoşulmama Hərəkatına sədrlik dövründə nümayiş etdirdiyi balanslı xəttlə, həm də Avropa və Asiya arasında körpü rolunu oynayan geosiyasi mövqeyi ilə uzlaşır. Nazirlər arasında dialoq zamanı təhlükəsizlik risklərinin geniş coğrafiyanı əhatə edə biləcəyi barədə ortaq narahatlığın ifadə olunması göstərir ki, Bakı qlobal proseslərə biganə qalmır və beynəlxalq sabitliyin qorunmasında məsuliyyətli aktor kimi çıxış edir. Mövcud beynəlxalq şəraitdə Baltikyanı ölkələrlə siyasi dialoqun intensivləşdirilməsi Azərbaycanın xarici siyasət strategiyasında xüsusi əhəmiyyət daşıyır. Baltik regionu həm Avropa İttifaqı, həm də NATO məkanında mühüm təsir imkanlarına malikdir. Bu baxımdan Latviya ilə fəal diplomatik təmaslar Azərbaycanın Avropa institutları ilə münasibətlərinin daha çevik və effektiv şəkildə inkişafına töhfə verir".
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Latviya Respublikasının xarici işlər naziri Baiba Braje arasında telefon danışığı olub. Danışıqlar zamanı Yaxın Şərqdəki hərbi eskalasiya və artan gərginlik müzakirə edilib. Vəziyyətin geniş regionda təhlükəsizlik üçün risklər yaratdığı qeyd olunub və münaqişələrin diplomatik yollarla həllinin vacibliyi vurğulanıb. Bundan əlavə, telefon danışığı zamanı Azərbaycan-Latviya ikitərəfli münasibətlərinin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri də müzakirə edilib.
Deputat bildirib ki, Latviya Azərbaycan üçün bir sıra səbəblərə görə maraqlı tərəfdaşdır.