Prezident İlham Əliyevin 2026-cı il 3 mart tarixli Sərəncamı ilə birinci instansiya məhkəmələrinə təyinat alan 34 hakimin Ali Məhkəmədə andiçmə mərasimi olub.
Bu barədə Ölkə.az-a Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, bununla bağlı Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib. Ali Məhkəmənin sədri İnam Kərimov yeni təyin olunmuş hakimləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, son illər aparılmış islahatlar nəticəsində məhkəmələrə çıxış imkanları genişləndirilib, idarəetmə mexanizmləri təkmilləşdirilib. Eyni zamanda, hakimlərin seçimi prosesi şəffaflaşdırılıb və sadələşdirilib.
Sonra hakimlər növbə ilə andiçmə üçün kürsüyə dəvət olunub. Onlar "Məhkəmələr və hakimlər haqqında" Qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranacaqlarına and içiblər.
Hakim vəzifələrinə yeni təyin olunmuş şəxslərə hakimin xüsusi geyim forması təqdim olunub.