Bakı, 4 mart, AZƏRTAC
Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası Azərbaycanın regionda formalaşdırdığı yeni enerji əməkdaşlığı modelinin mühüm göstəricisidir.
Bunu AZƏRTAC-a açıqlamasında “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova deyib.
O, bildirib ki, bu platforma artıq enerji layihələrinin müzakirə olunduğu texniki toplantı olmaqla yanaşı, Avrasiya məkanında iqtisadi, hüquqi və siyasi koordinasiyanın qurulduğu strateji dialoq məkanı kimi tanınır. Azərbaycan isə bu prosesdə həm etibarlı enerji təchizatçısı, həm də mühüm tranzit ölkə kimi iştirak edir.
Ekspertin sözlərinə görə, Cənub Qaz Dəhlizi layihəsinin regional əməkdaşlığa təsiri ilk növbədə enerji təhlükəsizliyi və iqtisadi inteqrasiya baxımından özünü göstərir. Azərbaycan qazının Avropa bazarlarına çatdırılması region ölkələri arasında qarşılıqlı güvəni artırır, yeni infrastruktur layihələrinin həyata keçirilməsini stimullaşdırır və enerji bazarında şaxələndirməni təmin edir. Beləliklə, layihə iqtisadi sabitliyə və uzunmüddətli strateji tərəfdaşlıqlara xidmət edən mühüm amil kimi xarakterizə olunmağı haqq edir.
İctimai birlik sədri qeyd edib ki, digər diqqətçəkən məqam enerji gündəminin artıq yalnız təbii qazla məhdudlaşmamasıdır. Bakıda keçirilən müzakirələrdə “yaşıl enerji” və bərpaolunan enerji layihələrinin də paralel gündəmə gətirilməsi Azərbaycanın regional enerji siyasətini gələcəyin çağırışlarına uyğun şəkildə formalaşdırdığını göstərir. Onun fikrincə, Xəzər regionunun böyük bərpaolunan enerji potensialının Avropa enerji sisteminə inteqrasiyası bu baxımdan yeni əməkdaşlıq imkanları açır.
“Bütün bunlar Cənub Qaz Dəhlizinin böyük enerji layihəsi olmaqla yanaşı, regionda sabitliyin, iqtisadi əməkdaşlığın və qarşılıqlı maraqların təmin olunmasına xidmət edən strateji platforma olduğunu göstərir. Azərbaycan isə bu platformanın mərkəzində dayanaraq həm enerji təhlükəsizliyinə töhfə verir, həm də regionlararası əməkdaşlığın yeni modelini formalaşdırır”, - deyə Arzu Bağırova vurğulayıb.