EN

Eldəniz Cəfərov: “Avtonom nəqliyyat vasitələrinin əmək bazarına mənfi təsir göstərəcəyini düşünmürəm”

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda avtomobil, dəmir yolu, metro, tramvay, dəniz və hava nəqliyyatı da daxil olmaqla bütün nəqliyyat növləri üzrə avtonom sistemlərin tətbiqi üçün hüquqi, texnoloji və institusional bazanın yaradılması nəzərdə tutulur. Bu, İlham Əliyev tərəfindən təsdiqlənən 2026–2028-ci illər üzrə rəqəmsal inkişaf fəaliyyət planında əksini tapıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi beynəlxalq təcrübəni təhlil edərək normativ-hüquqi baza üzrə təkliflər hazırlamalıdır. 2026–2028-ci illərdə “Tənzimləyici Test Mühiti” çərçivəsində pilot zonalar müəyyən ediləcək və sınaq layihələri həyata keçiriləcək.

Bu proses əmək bazarına necə təsir göstərəcək? Sürücülərin məşğulluğu ilə bağlı risklər varmı?

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu məsələlər qanunvericilikdə aydın şəkildə hazırlanacaq: “İlkin mərhələdə qanunverici baza hazırlanacaq və bu, olduqca vacib mərhələdir. Çünki avtonom, sürücüsüz nəqliyyat vasitələrinin hüquqi statusu dəqiq müəyyənləşdirilməlidir. Bu nəqliyyat vasitəsinin özü hansı statusa malikdir? Sahibinin hüquqi məsuliyyəti necə müəyyən olunur? Qəza baş verdikdə və ya qayda pozuntusu olduqda məsuliyyət kimə aid edilir? Bütün bu məsələlər qanunvericilikdə aydın şəkildə hazırlanacaq.

Növbəti mərhələdə avtonom nəqliyyat vasitələrinin əsasən yükdaşımada tətbiqi daha real görünür. Daşınma və çatdırılma xidmətlərində, eləcə də şirkət daxilində müəyyən məsafələr üzrə sınaqlar aparıla bilər. Bu mərhələ uğurlu olarsa, ki, mən uğurlu olacağına inanıram, sonradan ictimai nəqliyyatda, şəhərlərarası marşrutlarda və hətta fərdi nəqliyyat vasitəsi kimi də istifadəsi mümkün ola bilər”.

Eldəniz Cəfərov

“Avtonom nəqliyyat vasitələrinin əmək bazarına mənfi təsir göstərəcəyini düşünmürəm. Əksinə, bu, iqtisadiyyatda yeni bir sahənin yaranması deməkdir. Yeni sektorun formalaşması isə yeni iş yerlərinin açılmasına səbəb olur. Sürücülərin məşğulluğu ilə bağlı ciddi risk görmürəm. Məsələn; qeyd edim ki, bu gün ictimai və şəhərlərarası nəqliyyatda, xüsusilə avtobus seqmentində müvafiq kateqoriyaya malik peşəkar sürücü tapmaq kifayət qədər çətindir. Hazırda sürücülərin sayı tələbə nisbətən azdır, yəni təklif tələbdən azdır”,-deyə Eldəniz Cəfərov vurğulayıb.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
138
bizimyol.info

1Sources