EN

Manaf Manafov: "Azərbaycanın enerji diplomatiyasının uğurları davamlıdır"



Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci, eləcə də Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları Bakı Konqres Mərkəzində təşkil olundu. Tədbirdə çıxış edən ölkə Prezidenti İlham Əliyev Azərbaycanın enerji strategiyasının əldə etdiyi nəticələri, qarşıdakı dövr üçün müəyyənləşdirilmiş prioritetləri və beynəlxalq enerji bazarındakı mövqeyini ətraflı şəkildə təqdim etdi. Dövlət başçısının çıxışı regional enerji təhlükəsizliyi, Avropa istiqamətində əməkdaşlığın dərinləşdirilməsi və yaşıl enerji keçidi baxımından ölkəmizin rolunu sistemli şəkildə ortaya qoydu.

Bunları aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.


Fikirlərini davam etdirən hakim partiya təmsilçisi bildirib ki, artıq 12 ildir fəaliyyət göstərən Cənub Qaz Dəhlizi enerji sahəsində çoxtərəfli əməkdaşlığın mühüm platformasına çevrilib.Cənab Prezident İlham Əliyev vurğuladı ki, təşəbbüsün davamlılığı və ortaq qərar mexanizmi bu gün daha böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, layihəyə başlanılan illərlə müqayisədə hazırkı mərhələdə birgə müzakirələrin və koordinasiyanın vacibliyi daha aydın görünür. Son bir il ərzində əsas prioritet qaz ixracının coğrafiyasının genişləndirilməsi olub. Əvvəllər 12 ölkəyə qaz ixrac edən Azərbaycan hazırda bu göstəricini 16-ya yüksəldib. Boru kəmərləri vasitəsilə qaz tədarük edilən ölkələrin sayına görə Azərbaycan dünyada lider mövqedədir. Bu fakt ölkəmizin qlobal enerji sistemində strateji oyunçu kimi mövqeyini möhkəmləndirdiyini təsdiqləyir.
Cənab Prezident İlham Əliyevin ixrac marşrutlarının artıq Avropa ilə məhdudlaşmadığını xüsusi qeyd etdi. İlk dəfə olaraq Suriyaya qaz nəqlinə başlanılması enerji diplomatiyasında yeni istiqamət kimi qiymətləndirilir. Bu təşəbbüs Suriyada elektrik enerjisi çatışmazlığının azaldılmasına dəstək məqsədi daşıyır. 1,5 milyard kubmetr həcmində nəzərdə tutulan qaz tədarükü həm iqtisadi, həm də humanitar baxımdan əhəmiyyətlidir. Almaniya və Avstriyaya ixracın başlaması ilə Avropa İttifaqının artıq 10 üzv dövləti Azərbaycandan qaz alır. Dövlət başçısı bildirdi ki, Cənub Qaz Dəhlizi hazırda tam gücü ilə işləyir və bu səbəbdən yeni interkonnektorların tikintisi, nəqliyyat imkanlarının artırılması strateji zərurətə çevrilib.
Yaxın perspektivdə hasilatın artırılması əsas hədəflərdəndir. “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz layları, “Abşeron” və “Ümid” yataqları, eləcə də “Şahdəniz” layihəsinin növbəti mərhələsi üzrə planlar mövcuddur. Ümumilikdə əlavə 10–15 milyard kubmetr qaz hasilatı potensialı nəzərdə tutulur. Bu artım həm daxili bazarın tələbatını ödəməyə, həm də ixrac həcmini genişləndirməyə imkan verəcək.

Manaf Manafov onu da bildirib ki,Cənab Prezident çıxışında enerji siyasətinin yalnız ənənəvi resurslarla məhdudlaşmadığını da diqqətə çatdırdı. Artıq 240 MVt gücündə külək və 230 MVt gücündə günəş elektrik stansiyaları istismara verilib. 2032-ci ilə qədər 6–8 giqavat həcmində alternativ enerji istehsalı planlaşdırılır və bu layihələr konkret müqavilələr əsasında reallaşdırılır. Azərbaycanın mövqeyi ideoloji deyil, praktik yanaşmaya əsaslanır. Ənənəvi enerji mənbələrinin tamamilə kənara qoyulmasının real olmadığı vurğulandı. Bu baxımdan ölkə həm qaz sektorunu inkişaf etdirir, həm də bərpaolunan enerji istiqamətində paralel addımlar atır. Çıxış zamanı ABŞ-la imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası, enerji kabeli layihələri, hidroenerji imkanlarının artırılması, eləcə də Türkiyə, Serbiya və İtaliyadakı enerji aktivləri barədə də məlumat verildi. Qeyd olundu ki, Azərbaycan artıq yalnız enerji ixracatçısı deyil, həm də xarici ölkələrdə enerji obyektlərinə sərmayə yatıran investor dövlətdir. Türkiyədə 870 MVt gücündə elektrik stansiyasının alınması və Aralıq dənizi regionunda 22 milyon tonluq neft emalı potensialı bu strategiyanın konkret göstəricisidir.
Nəticə etibarilə demək olar ki, enerji təhlükəsizliyi sahəsində artıq “Azərbaycan modeli” formalaşıb. Dövlət başçısının çıxışı bir neçə əsas prinsipə söykənirdi: enerji mənbələrinin şaxələndirilməsi hər iki tərəf – istehsalçı və istehlakçı üçün vacibdir; infrastruktur genişlənmədən dayanıqlı artım mümkün deyil; qaz və yaşıl enerji paralel inkişaf etdirilməlidir. Bakı görüşü bir daha nümayiş etdirdi ki, Azərbaycan enerji təhlükəsizliyində təkcə resurs təmin edən ölkə deyil, eyni zamanda strateji təşəbbüskar və çoxtərəfli əməkdaşlığın aparıcı iştirakçısıdır- deyə Manaf Manafov fikrini tamamlayıb.



Chosen
45
aia.az

1Sources