EN

Fəal media qurucusu, yetkin jurnalist

Xalq qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rəhim Hüseynzadə – 75

Dünən Azərbaycan Mətbuat Şurasında uzun illər media sahəsində çalışmış, istedadlı qələm sahibi, Əməkdar jurnalist Rəhim Hüseynzadənin anadan olmasının 75 illiyinə həsr olunmuş toplantı keçirildi. Mərasimdə yubilyarın tələbə yoldaşları, həmkarları, ailə üzvləri və yaxınları iştirak edirdilər.

Məclisi giriş sözü ilə açan MŞ-nin sədri Rəşad Məcid əvvəlcə imzası Azərbaycan oxucusuna yaxşı tanış olan qocaman həmkarımızın mənalı həyat yolu və zəngin fəaliyyəti barədə məlumat verdi. O bildirdi ki, Rəhim Məhəmməd oğlu Hüseynzadə (əvvəllər soyadı Huşiməndi olub) 1951-ci il martın 3-də Gəncədə doğulub. Rəhimin atası Məhəmməd kişi 1945-ci ildə Cənubi Azərbaycanda Demokrat Firqənin rəhbərliyi altında yaradılmış milli hökumət zamanı böyük bir fədai dəstəsinin başçısı olub. “21 Azər” adı ilə tarixə düşmüş bu hərəkat nəticəsində Cənubi Azərbaycanda milli hakimiyyət qurulub.

Təəssüf ki, 1 il sonra taleyin acı istehzası ilə eyni gündə beynəlxalq imperializmin və İran irticaçı qüvvələrin əli ilə milli hökumət devrilib. İnqilabçılarla birgə Məhəmməd kişi də Şimali Azərbaycana mühacirət edərək Gəncə şəhərində məskunlaşıb. Rəhim 75 il əvvəl ulu Nizami yurdunda dünyaya göz açaraq, burada böyüyüb boya-başa çatıb.

O, 1958-1968-ci illərdə Gəncə şəhər 5 saylı orta məktəbdə təhsil alıb. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini, 1983-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını (keçmiş Bakı Ali Partiya Məktəbi) fərqlənmə diplomu ilə bitirib.

Gənc jurnalist yeni yaradılan Neftçala rayonunda nəşr olunan “Gündoğar” qəzetində əvvəlcə ədəbi işçi, sonra isə şöbə müdiri işləyib. 1977–1992-ci illərdə qonşu Salyan rayonundakı “Qələbə” qəzetində məktublar şöbəsinin müdiri vəzifəsində çalışıb. 1985-ci ildə isə Azərbaycan Jurnalistlər İttifaqının nüfuzlu “Qızıl qələm” mükafatına layiq görülüb.

... MŞ sədrinin bu məlumatına əlavə olaraq bildirim ki, 1980-ci ildə gənc əməkdaşı olduğum “Bakinski raboçi” qəzetindən Salyan rayonuna ezamiyyətə getmişdim. Universitet yataqxanasından yaxşı tanıdığım Rəhim müəllimlə görüşmək üçün “Qələbə” qəzetinin redaksiyasına gəldim. Qəzetin redaktoru Mahmud Ağalarov gəlişimin məqsədini biləndə Rəhim Hüseynzadəni o ki var təriflədi. Dedi ki, onun gərgin əməyi sayəsində redaksiya poçtuna daxil olan oxucu məktublarının sayı kəskin artıb. Hər bir oxucu məktubunun arxasında sadə insanların arzu və təklifləri, bir çox hallarda haqlı giley-güzarları dayanır. Rəhim Hüseynzadə bu məktublarda qaldırılan haqlı şikayətləri çoxunun müsbət həll olunmasına nail olub. Bunun nəticəsidir ki, rayonda redaksiya ilə fəal oxucu kütləsi olduqca səmimi etimad mühiti yaranıb.

Aradan illər keçsə də, Salyanda mərd, savadlı, gözütox “Gəncəli jurnalist”in xətrini çox istəyirdilər və bu gün də onu unutmayıblar. Rəhim Hüseynzadə 1992–1996-cı illərdə artıq Salyan Rayon icra hakimiyyətində başçının köməkçisi və məsləhətçisi vəzifələrində işləyib. O, idarəetmə sahəsində də məsul vəzifələrin öhdəsindən uğurla gəlib.

Lakin Rəhim müəllimin qəlbi, arzu və düşüncələri daim mətbuatla bağlı idi. Balıq susuz yaşaya bilmədiyi kimi, o, da jurnalistikadan kənarda qala bilməzdi. Düzgün qərar verərək, 1998-ci ildə yenidən mətbuata qayıtdı. O dönəmdə oxucular arasında kifayət qədər populyar olan “Kriminal”, “Vaxt”, “Hürriyyət” qəzetlərində çalışdı. 2000-ci ildən “Qırxçıraq” adlı regional ictimai-siyasi qəzetinin baş redaktoru kimi fəaliyyət göstərdi. Bu mətbu nəşr Azərbaycan Mətbuat Şurasının (MŞ) təsisçiləri sırasına qəbul olundu.

Rəhim Hüseynzadə Mətbuat Şurasında işə də bu vaxt dəvət edildi. 2004-cü ildən MŞ-də icraçı katib vəzifəsində çalışdı. Bu qurum yeni yaranmışdı, o dönəmdə məhdud işçi qüvvəsi ilə fəaliyyət göstərirdi. Rəhim müəllim MŞ-nin o vaxtkı sədri Əflatun Amaşovun rəhbərliyi altında ölkəmizdə media – ictimaiyyət və media–hakimiyyət münasibətlərinin operativ şəkildə, düzgün və ədalətli tənzimlənməsi üçün əlindən gələni edirdi. Onun bu sahədəki səmərəli fəaliyyəti layiqincə qiymətdirilib. 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Rəhim Hüseynzadə bir qrup həmkarı ilə birlikdə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Rəhim müəllim MŞ-nin icraçı katibi işlədiyi illərdə çap mətbuatının mövcud durumu, üzləşdiyi problemlər, onların həlli yolları barədə dərin araşdırmalar əsasında dəyərli məqalələr hazırlayaraq müxtəlif qəzetlərdə dərc etdirib. Onun mətbuatda Azərbaycan ədəbi dilinin qorunması ilə bağlı olduqca dəyərli qeyd, təklif və tövsiyələrini təkcə jurnalist cameəsi deyil, görkəmli dilçi-alimlərimiz də böyük maraq və razılıqla qarşılayıb.

...Bu zəruri məlumatdan sonra yubiley mərasimi səmimi sözlərlə, çoxsaylı təbriklərlə, xoş arzularla davam etdi. MŞ-nin sədri Rəşad Məcid qeyd etdi ki, hörmətli Rəhim müəllim xeyli müddət bu binanın divarları arxasında səmərəli fəaliyyət göstərib. Buna görə də tamamilə haqlı olaraq MŞ-ni onun öz evi, buradakıları insanları öz yaxınları və doğmaları hesab edə bilər.

“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov çıxışında dərin minnətdarlıq hissi ilə vurğuladı ki, uzun illər MŞ-də icraçı katib kimi çalışan Rəhim Hüseynzadə bu qurumu, sadəcə, bir struktur deyil, mətbuatın mənəvi qalası halına gətirmək üçün əzmlə, fədakarcasına çalışıb. Milli mətbuatımızda etik prinsipləri qorumaq onun üçün formal bir vəzifə deyildi, bu, onun ruhunun tələbi olub.

MŞ-nin nəzdində fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisinin sədri Tahir Aydınoğlu isə qeyd etdi ki, həyatda özünün ən yaxın dostlarından biri hesab etdiyi Rəhim müəllim doğma qəzetçilik sənətinə və ənənələrə bütün ruhu ilə bağlanan yaradıcı insandır. O, tribunalardan qışqıranlardan olmayıb. Amma hər cümləsi bir faydalı əmələ çağırışdır. O, səssiz qalanda da danışır – çünki onun susqunluğu belə mövqedir!

Toplantıda yubilyarın xeyli sayda tələbə yoldaşları iştirak edirdilər. Onlar bir-bir söz alaraq həmin an ürəklərindən dillərinə axan ən ülvi hissləri sözə çevirdilər. Rəhim müəlllimin tələbə dostlarından – 2-ci dərəcəli dövlət qulluqçusu İsrafil Qurbanov, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi Əli Şamil, “İki sahil” qəzetinin baş redaktorunun müavini İsmayıl Hacıyev, Azərbaycan Kinematoqrafçılar İttifaqının redaktoru Akif Cabbarlı, “Azərbaycan müəllimi” və “Bizim yol” qəzetlərinin baş redaktorları Sarvan İbrahimov və Bahəddin Həzi, yubilyarın uşaqlıq və gənclik illərinin yaxın dostları – tarix üzrə fəlsəfə doktorları Səməd Bayramzadə və Pərviz Kazımi, şair Tariyel Umid, jurnalistlər Asif Məhərrəmov və Fərman Nəbiyev, Elbrus Həsənov, diaspor fəalı Qənimət Səfərov və başqaları Rəhim müəllimin yüksək insani keyfiyyətlərindən ürəkdolusu söz açdılar.

AMEA-nın elmi işçisi Nuranə Huşməndinin atası ilə bağlı çıxışı isə olduqca kövrək və həssas notlar üzərində qurulmuşdu. Bu səmimi, duyğusal sözləri “Dünyanın ən yaxşı atası”na yalnız və yalnız çox etibarlı bir qız övladı söyləyə bilərdi. Sonra isə Rəhim Hüseynzadənin nəvələri babalarının şəninə gözəl mahnı səsləndirdilər.

Sonda yubilyar təbriklərə və xoş arzulara görə razılığını bildirdi. Biz isə ona deyirik: çox hörmətli Rəhim müəllim, bugünkü toplantı bir daha göstərdi ki, yaşayıb-yaratmağa dəyər hələ! Azərbaycan oxucusu sizdən bundan sonra da bir-birindən maraqlı, dəyərli yazılar gözləyir. İnanırıq ki, siz onları intizarda qoymayacaqsınız!

Məsaim ABDULLAYEVXQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
6
1
xalqqazeti.az

2Sources