"Mənim yox, həmin xalq artistlərinin adı siyahıda olmalıdır"
Xəbər verdiyimiz kimi, son günlər bir sıra televiziya proqramlarının bağlanması və bəzi müğənnilərə efir qadağası tətbiq olunması ilə bağlı yayılan məlumatlar ölkənin şou-biznes mühitində geniş müzakirələrə səbəb olub. Baş verən proseslər fonunda Azərbaycan televiziya məkanında yeni qaydaların tətbiq olunduğu, efir məsuliyyəti və musiqi keyfiyyəti məsələlərinin yenidən gündəmə gətirildiyi bildirilir.
Manset.az-ın yaydığı məlumata görə, ciddi musiqini təbliğ etmədikləri, efir etikası və sənət məsuliyyətinə yetərincə riayət etmədikləri iddiası ilə daha bir qrup müğənni və sənət adamına efir qadağası qoyulub. Yayılan siyahıda tanınmış müğənni və aparıcı Əli Mirəliyevin də adının yer aldığı qeyd olunur.
Milli.Az xəbər verir ki, musavat.com-un əməkdaşı məsələ ilə bağlı Əli Mirəliyevin mövqeyini öyrənib:
- Yəqin ki bilirsiniz, bəzi müğənnilərə efir qadağası qoyulması ilə bağlı siyahı yayılıb. Bu barədə mövqeyiniz necədir?
-O adları siyahıya salınanlar əsasən qalmaqal yaradan müğənnilərdir. Özləri bilərəkdən qalmaqal yaradırlar ki, camaat onları məhz qalmaqalla tanısın. Niyə Mənsum İbrahimov, Zakir Əliyev, Babək Niftəliyev qalmaqal yaratmır? Çünki onlar oxuya bilirlər. Mənim də adımı qalmaqallı adam kimi təqdim ediblər. Halbuki mən qalmaqalçı deyiləm. Sadəcə həmin şəxslərə deyirəm ki, mahnını düzgün oxumursunuz. Niyə əndazədən çıxıb başqa cür ifa edirsiniz?
Mən bunları deyəndə isə mənə "qalmaqalçı" damğası vururlar. Sözün düzünü deyən adam qalmaqalçı olur? Mahnıları yeni aranjiman adı ilə tam dəyişirlər, halbuki bəstəkar musiqini elə yazmayıb. Nəfəsi düzgün almırlar, notları və sözləri düzgün oxumurlar. Mən 76 yaşında bir insanam, pedaqoqam, 20 ildən çoxdur bunları deyirəm, amma eşitmirdilər. Nəhayət, aidiyyəti qurumlar da səsimizi eşitdi və dedilər ki, Əli Mirəliyev qalmaqalçı deyil, Azərbaycan musiqisini qoruyan adamdır. Mən sadəcə düzgün oxumağa çağırıram. Məqsəd nədir - ağzımı yumum, danışmayım ki, siz də harada gəldi, necə gəldi istədiyinizi oxuyasınız? Bizim dövrdə efirdə danışmaq yox idi, oxumaq var idi.
-Bilirsiniz ki, təkcə müğənnilərə deyil, bəzi aparıcılara da efir qadağası qoyulduğu deyilir, hətta bəzi verilişlər bağlanır. Bunu necə qiymətləndirirsiniz?
-Düz edirlər! Aparıcı niyə müğənniyə belə sual verir ki, "uşağınız olub, atası kimdir?" Bu nə sualdır? Müğənni də efirdə deyir ki, uşağımın atası evlidir, ondan uşaq dünyaya gətirmişəm. Bu necə efirdir? Aparıcının ailə məsələsinə qarışmağa nə ixtiyarı var? Mən 10 ildən çoxdur aparıcıyam, əvvəl Kanal ARB-də, indi isə Kanal S-də çalışıram. Nəhayət ki, səsimizi eşitdilər. Camaat yeməyə pul tapmır, amma bəzilərinin başına dollar səpirlər. Dollar ee dollar! Adlarını da istəsəniz, çəkə bilərəm.
-Əlbəttə, çəkə bilərsiniz.
-Bu gün kimlərin başına dollar atırlar? Əlbəttə ki, Şəbnəm Tovuzlu, Vəfa və digərlərinin. Sonra da həmin dollar səpən adamları aparırlar bölməyə, barələrində cinayət işi açırlar, çünki başqa işlərlə məşğul olurlar. Bu gün jurnalistlər zəng edib deyirlər ki, mənim də adım efir qadağası siyahısındadır.
-Bəli, mediada yayılan siyahıda sizin də adınız qeyd olunub.
-Mənim adım siyahıdadırsa, niyə verilişimi bağlamayıblar? Niyə özünüzdən nəsə uydurursunuz? Yəqin məndən xoşları gəlir deyə yazıblar (gülür). Kiminsə yazmağı ilə Əli Mirəliyevə qadağa qoyulmur. Mən gəncliyimdə rəhmətlik Gülarə Əliyevanın "Dan ulduzu" instrumental ansamblında çalışmışam. O məni böyük bəstəkarlarla tanış edib, o cümlədən Ramiz Mirişli, Oqtay Kazımov, Qəmbər Hüseynli, Telman Hacıyev, Elza İbrahimova və başqaları ilə. Bir də ki, mənim adımı niyə siyahıya salıblar? Mən axı illərdir ki, oxumuram, aparıcılıq edirəm. Sadəcə oxumağa hörmət edirəm. Elə bil jurnalistlər mənimlə məzələnirlər...
-Cəmiyyətdə kişi müğənnilərlə bağlı da narazılıqlar var. Bəzilərinin geyimi, səhnə davranışı tənqid olunur.
-Geyimləri cəhənnəm, özlərini qadın kimi bəzəyirlər, üzlərini dartdırırlar, krem çəkib ağardırlar, saçlarını boyayırlar! Mənim saçım ağappaqdır. Heç görmüsünüz saçımı boyayım? Ay kişi müğənnilər, heç utanmırsınız? Baxın Akif İslamzadənin saçlarına, təbii ağdır.
-Amma bəziləri deyir ki, səhnə adamı üçün bu normaldır.
-Xeyr, qətiyyən! Xarici müğənnilərə, aktyorlara baxın, hansı saçını boyayır?
-Deyirlər ki, İlhamə Quliyeva sağ olanda şou-biznesdə bu qədər xaos yox idi. Razısınız?
-İlhamə xanım bizim qohumumuz idi, ailəmizin üzvü sayılırdı. O hamıya yox, hörmətsizlik edənlərə sözünü deyirdi. Niyə Akif İslamzadəyə, Hüseynağa Hadıyevə, Əli Mirəliyevə heç nə demirdi? Çünki biz düzgün oxuyurduq. İndikilər isə xalq və bəstəkar musiqisini kənara qoyub, özlərinə musiqi yazdırır, köhnə mahnıları da düzgün ifa etmirlər. Məsələn, Cahangir Cahangirovun "Durnalar" mahnısını hind ladında oxuyurlar. Məgər Cahangir Cahangirov hindistanlı idi? O dünyasını dəyişib, amma biz sağıq, ölməmişik, sözümüzü deməliyik. Deyəndə də bizi qalmaqalçı adlandırırlar. Ona görə də ürəyimdən olub ki, bir çox müğənnilər qara siyahıya düşüb. Amma hələ kənarda qalanlar da var, onların da adları əlavə olunmalıdır.
-Başqa kimləri görmək istəyərdiniz o siyahıda?
-Toylara 10-15 min manata gedən müğənniləri.
-Məhz toylara baha qiymətə getdiklərinə görə?
-Bəli. İki xanım, biri də kişi müğənnidir. Amma guya kişidir. Kimləri dediyimi yaxşı bilirsiniz. Xalq artistləridir. Elə ilk onlar başladılar ağzılarına gələni, necə gəldi oxumağa. İndi görün vəziyyət nə gündədir. Hələ dördüncüsü də var, xanım müğənnidir, oxuyur ki, "maestro, gəl işığı söndür". Elə mahnı olar? Hansı şair belə söz yazıb?
-"Qoy işığı söndürüm" mahnısını nəzərdə tutursunuz?
-Məndən ad almaq istəyirsiniz? (gülür) Kimdən söhbət getdiyini yaxşı bilirsiniz. Mən onlardan qorxmuram, amma onlar utanmalıdır ki, bu cür ədəbsiz sözlü mahnılar oxuyublar. Belə olmaz!"
Milli.Az