EN

Deputatdan Ombudsmanın məruzəsinə reaksiya

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi kifayət qədər geniş və əhatəli hazırlanıb. Səbinə xanım Əliyeva da məruzənin əsas məqmlarını kifayət qədər sistemli şəkildə Milli Məclisə təqdim etdi".

Musavat.com-un məlumatına görə, bu fikirləri deputat Əli Məsimli Ombudsmanın illik məruzəsinə münasibət bildirərkən deyib. O qeyd edib ki, məruzə insan hüquqlarına dair zəngin faktoloji materiala və məlumatlara əsaslanır: “Ombudsmanın hazırkı reallıqlar şəraitində mümkün olan işlərin xeyli hissəsini görməsi, belə bir fikir söyləməyə əsas verir ki, Ombudsmanın məruzəsini müsbət qiymətləndirmək olar. Məruzədə həm xüsusi diqqət çəkən və deputatlara olan müraciətlərlə üst-üstə düşən, həm də cəmiyyəti narahat edən və qanunvericilikdə müvafiq dəyişikliklər tələb edən bir sıra məsələlər öz əksini tapıb.

Həmin qəbildən olan məsələlərin həllinin sürətləndirilməsi istiqamətində təsirli tədbirlər görülməsi obyektiv tələbata çevrilib. Əvvəlki məruzələrdə olduğu kimi, bu dəfə də məruzədə şəhid ailələrinin və müharibə veteranlarının, hərbi qulluqçuların hüquqlarının qorunması məsələlərinə geniş yer verilməsini çox yüksək qiymətləndiririk. Şəhid ailələrinin mənzil təminatı istiqamətində xeyli iş görülüb. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə ümumən 16 minə yaxın, 44 günlük Vətən müharibəsindən sonra isə 7 mindən çox mənzil və fərdi ev təqdim edilib. Bu sahədə növbə gözləyənlərin də məmnunluğuna nail olmaqdan ötrü, bu il və növbəti ilin sonuna kimi müharibə əlilləri və şəhid ailələrinin mənzillə təmnatı məsələsinin həllinin tamamlanmasını vacib hesab edirik. Bununla yanaşı, məruzədə Birinci Qarabağ müharibəsindən Vətən müharibəsinin başlanmasınadək olan müddətdə Respublikamızın ərazi bütövlüyü uğrunda baş vermiş döyüş əməliyyatlarında (2016-cı ilin aprel döyüşlərində, 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində və digər hərbi toqquşmalarda), həmçinin 2023-cü ildə keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin statusuna aydınlıq gətirilməsi məsələsinin də qaldırılmasını çox müsbət qiymətləndiririk”.

Ə.Məsimli bildirib ki, illik məruzənin sonunda Ombudsmanın təklifləri yer alıb:”Məruzədə əksini tapan 94 təklifdən 67-si yeni, 27-si isə öz aktuallığını hələ də qoruyub saxlayan təkliflərdir. Ombudsman məruzəsinin sonunda irəli sürülən təkliflərdə həm də qanunvericilikdə müəyyən dəyişiklikləri təklif edib. Məsələn, özünüməşğulluğun təşkili prosesi başa çatanadək işsiz şəxslərin ünvanlı dövlət sosial yardımı barədə müraciət etməsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması təklifi yaxşı təklifdir. Bu işin davamı kimi ünvanlı sosial yardımın şərtlərinin sadələşdirilməsi və bu sosial dəstəyin daha effektiv və əlçatan olması üçün ünvanlı sosial yardım verilərkən əsas meyar kimi həmin vətəndaşın adına 30-40 ildən qalma, istismara yarasız avtomobilin olması yox, onun gəlirinin 300 manatlıq ehtiyac meyarından aşağı olması götürülməlidir. Azərbaycan ərzaq mallarının qiymərinin daha sürətlə artdığı ölkələrdən biridir. Bununla yanaşı, keyfiyyətsiz qida məsələsi də getdikcə daha çox dərəcədə ən ciddi narahatçılıq yaradan problemlərdən birinə çevrilir. Qidanın insan həyatı və ya sağlamlığı üçün xüsusi əhəmiyyətini nəzərə alaraq, məktəbəqədər, orta və ali təhsil müəssisələrində qidanın keyfiyyətinə, təhlükəsizliyinə və rasionuna diqqətin artırılması, yetkinlik yaşına çatmayanlar üçün qəbul edilməsi qadağan olunan və ya məqsədəmüvafiq hesab edilməyən qida məhsullarının satışına nəzarətin gücləndirilməsinə dair təklifləri də müsbət qiymətləndiririk”.

Deputat əlavə edib ki, dərman vasitələrinin qiymətlərinin yüksək, keyfiyyətinin isə aşağı olması da bu qəbildən olan ciddi problemlərdəndir və bu məsələ ilə bağlı ciddiliyi səviyyəsində araşdırılıb qanunvericilikdə müəyyən olunmuş qaydada real nəticələri görünən tədbirlər görülməlidir: “Məruzədə əhalinin sağlamlıq hüququnun dolğun şəkildə reallaşdırılması məqsədilə regionlarda görülməsi vacib işlər barədəki təklifləri də müsbət qiymətləndiririk. Eyni zamanda rayonlarda səhiyyənin inkişafı üçün zəruri işlərin davam etdirilməli, rayonlarda həkimlərin qalıb, işləməsi üçün stimullaşdırıcı tədbirlər görülməlidir. Digər tərəfdən, 65 yaşına çatmış həkimlərin demək olar ki, avtomatik surətdə təqaüdə göndərilməsi təcrübəsi dayandırılmalıdır.

Bununla yanaşı, məruzədə xarici ölkələrin müsbət təcrübəsi nəzərə alınmaqla ictimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə, şagird və tələbələrə münasibətdə güzəştlərin tətbiq olunması; minimum istehlak səbətinin tərkibinə və miqdarına yenidən baxılması və real ehtiyaclara uyğunlaşdırılmasına, eləcə də uşaq bağçalarının sayının artan əhali və ailə sayına uyğunlaşdırılması və bu müəssisələrə əlçatanlığın təmin edilməsinə dair təklifləri də müsbət qiymətləndiririk.

İillik məruzədəki təkliflərin sistemli şəkildə reallaşdırılması, aid olduğu sahə və istiqamət üzrə hüquqların dolğun şəkildə reallaşmasınada müsbət rol oynaya bilər”.

E.Paşasoy,
Musavat.com

Chosen
14
1
musavat.com

2Sources