“Cənub Qaz Dəhlizi (CQD) böyük gəlirlər gətirən strateji layihədir”. 1news.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib. Nazir bildirib ki, CQD uzunmüddətli və strateji layihədir, qoyulan sərmayələr isə geri qayıdır. Onun sözlərinə görə, Azərbaycan Avropanın etibarlı qaz təchizatçısı kimi enerji təhlükəsizliyinin təminində mühüm rol oynayır. Pərviz Şahbazov vurğulayıb ki, Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında sənəd mövcuddur və tərəflər bu çərçivədə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq həm Cənub Qaz Dəhlizi, həm də “yaşıl enerji” layihələrini, eləcə də enerji səmərəliliyi və karbon emissiyalarının azaldılması kimi istiqamətləri əhatə edir. Nazir əlavə edib ki, son illərdə Avropada enerji təhlükəsizliyi sahəsində yaranan çağırışların aradan qaldırılmasında Azərbaycanın təbii qaz ixracı xüsusi əhəmiyyət daşıyır. Mətbuat konfransında əməkdaşlığın gələcək inkişaf perspektivləri geniş müzakirə olunub və növbəti mərhələdə tərəfdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur.