EN

Müəllimlər qəsdən tələbələrə az bal yazır? - AzMİU-dan açıqlama

"Dünən ATV telekanalının “Xəbərlər” proqramında yayımlanan süjetdə Milli Məclisin deputatı Naqif Həmzəyev tərəfindən səsləndirilmiş fikir əsas götürülərək tələbələrin təqaüdlərinin guya müəllimlər tərəfindən qəsdən aşağı qiymətləndirmə yolu ilə kəsilməsi iddiası ictimai müzakirəyə çıxarılıb. Mövzu həssasdır və təbii olaraq cəmiyyətdə rezonans doğura bilər. Lakin bu həssas mövzunun təqdimat forması və yanaşma tərzi məni ciddi şəkildə narahat edir".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Memarlıq və İnşaat Universiteti açıqlama yayıb.

"Süjetdə sorğu yalnız Azərbaycan Memarlıq və İnşaat Universitetinin yerləşdiyi ərazidə aparılıb və danışdırılan dörd nəfərin hamısı məhz bu universitetin tələbələri olub. Halbuki ölkədə 200 minə yaxın tələbə təhsil alır və onların cəmi təxminən 14 mini AzMİU-da oxuyur. Belə bir ümummilli problem kimi təqdim edilən məsələni yalnız bir ali təhsil müəssisəsinin ətrafında, özü də yalnız neqativ fikir bildirən tələbələr üzərindən qurmaq nə metodoloji baxımdan düzgün yanaşmadır, nə də jurnalistikanın balans prinsipinə uyğundur. Əks fikir səsləndirən tələbələrə yer verilməməsi isə obyektivliyin daha da zəifləməsinə səbəb olub.

Biz süjet müəllifinə açıqlama verərək izah etdik ki, universitetdə qiymətləndirmə mexanizmi subyektiv müdaxiləni minimuma endirən sistem üzərində qurulub. Semestrdaxili ballar tələbənin davamiyyəti, təqdimatları və yerinə yetirdiyi tapşırıqlar əsasında formalaşır. İmtahanlar isə ya kompüter vasitəsilə test üsulu ilə keçirilir (burada insan faktoru ümumiyyətlə yoxdur) ya da yazılı formada keçirilərək tam şifrələnmiş qaydada yoxlanılır. Yazılı işlərdə tələbənin ad-soyadı və ya onu tanımağa imkan verən hər hansı fərdi məlumat olmur. Bu halda müəllimin konkret tələbəni tanıyaraq məqsədli şəkildə balını aşağı salması texniki baxımdan mümkün deyil. Mövcud mexanizmi görmədən, onun necə işlədiyini araşdırmadan səsləndirilən ittihamların efirə daşınması isə cəmiyyətdə yanlış təsəvvür formalaşdırır.

Burada bir mühüm məqam da xüsusi vurğulanmalıdır. Tələbələrə təqaüd universitetin büdcəsindən deyil, dövlət büdcəsindən ödənilir. Universitetin hansısa tələbənin təqaüd alıb-almamasından maliyyə baxımından heç bir “qazancı” yoxdur. Əksinə, ali təhsil müəssisələri daha çox tələbəsinin yüksək nəticə göstərməsində və təqaüd almasında maraqlıdır. Çünki bu, həm akademik mühitin sağlam göstəricisidir, həm universitetin reytinqinə, həm də ictimai nüfuzuna müsbət təsir göstərir. Universitetin öz reputasiyasına zərər vuracaq şəkildə tələbələrin uğurunun qarşısını alması məntiqə də, institusional maraqlara da ziddir.

Süjetdə diqqət çəkən digər məqam müsahibə verən tələbələrin açıq şəkildə üzlərinin göstərilməsinə baxmayaraq ad və soyadlarının təqdim edilməməsi oldu. Eyni zamanda süjetin sonunda “Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsiyəm” ifadəsinin xüsusi vurğulanması ictimai rəyin bir ali təhsil müəssisəsinə yönləndirilməsinə xidmət edir. Bu isə artıq təsadüfi yanaşma deyil, reputasiya riski yaradan təqdimat formasıdır. Biz həmin tələbələrin həqiqətən də problemlə üzləşib-üzləşmədiklərini öyrənmək üçün onların kim olduğunu aydınlaşdırmağa çalışdıq və məlum oldu ki, həmin şəxslər ümumiyyətlə bizim tələbə kontingentimizdə yoxdur. 

Xüsusi qeyd olaraq bildirək ki, 2024-2025-ci tədris ilinin yaz semestirində Azərbaycan Memarlıq və İnşaat Universitetində 55 tələbə “Əlaçı” təqaüdü alıb. Bu rəqəm növbəti semestirdə, yəni 2025-2026-cı tədris ilinin qış semestirinda 147 nəfərə çatıb. Artım göz qabağındadır. Əlbəttə ki, bu uğurun sahibi savadlı, intizamlı və çalışqan tələbələrimizdir. Universitet olaraq biz isə onları bu prosesdə dəstəkləyirik. Məsələn,  2025-2026-cı tədris ilinin qış semestirinin imtahan sessiyasında müvvəfəqiyyət göstəricisi 1 fəndən B olan 17 tələbəyə yenidən imtahan verərək müvvəfəqiyyət göstəricisini A etməsi və beləcə Əlaçı olması üçün şərait yaratmışıq. 

Şübhəsizdir ki, media azadlığı demokratik cəmiyyətin əsas dayaqlarındandır. Lakin media azadlığı eyni zamanda məsuliyyət, balans və peşəkarlıq tələb edir. Araşdırma adı ilə aparılan sorğular reprezentativ seçmə prinsipi əsasında qurulmalı, fərqli mövqelər təqdim edilməli, faktla rəy bir-birindən ayrılmalıdır. Əks halda informasiya ictimai müzakirə aləti olmaq əvəzinə manipulyativ təsir vasitəsinə çevrilə bilər.

Azərbaycan Memarlıq və İnşaat Universiteti ictimai qurumdur və onun nüfuzu minlərlə tələbənin gələcəyi, məzunların əmək bazarındakı mövqeyi və beynəlxalq əməkdaşlıq əlaqələri ilə birbaşa bağlıdır. Tənqidə açığıq, müzakirədən qaçmırıq. Amma istənilən müzakirə faktlara əsaslanmalı, obyektiv və balanslı olmalıdır. Bir neçə seçilmiş rəy üzərindən ümumiləşdirilmiş ittiham formalaşdırmaq nə akademik mühitə, nə də jurnalistikanın etik prinsiplərinə uyğun yanaşmadır.

Bu məsələyə münasibətimiz sırf institusional mövqedən deyil, həm də ictimai mənafedən çıxış edərək formalaşıb. Çünki ictimai etimadı qorumaq həm də universitetlərin məsuliyyətidir", - deyə açıqlamada qeyd olunub.

Chosen
10
1
bakivaxti.az

2Sources