EN

TAP AG əməliyyatları üçün dekarbonizasiya planı hazırlayır

Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) operatoru "TAP AG" şirkəti öz əməliyyatları üçün dekarbonizasiya planı hazırlayır.

"Report" xəbər verir ki, bunu "TAP AG"nin idarəedici direktoru Luka Skyeppati (Luca Schieppati) Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, TAP AG özünü etibarlı, təhlükəsiz və davamlı ötürmə sistemi operatoru kimi tam təsdiq edib: "TAP istismara verilən dövrdən bəri Avropaya 55 milyard kubmetrdən çox təbii qaz çatdırılıb. Bununla da qeyri-müəyyənliyin artdığı və tələbatın çoxaldığı bir dövrdə Avropanın enerji təhlükəsizliyinə davamlı töhfə vermişik. Ardıcıl beş il ərzində sistemin 100% əlçatanlığı ilə təmin olunan etibarlılıq fəaliyyətimizin əsasını təşkil edir ki, bu da infrastrukturumuzun və əməliyyat modelimizin möhkəmliyini vurğulayır. Bütün bunlar yüksək təhlükəsizlik göstəriciləri qorunmaqla əldə edilib. Bu da bizim güclü təhlükəsizlik mədəniyyətimizi və nizam-intizamlı əməliyyat təcrübələrimizi əks etdirir".

L. Skyeppati qeyd edib ki, TAP infrastrukturundan istifadə edən yükgöndərənlərin sayı fəaliyyətin əvvəlində cəmi 3 olduğu halda, bu gün 47-yə çatıb: "Təhlükəsiz və səmərəli şəkildə genişlənmək qabiliyyətimizə dayanaraq, gələcəkdə də ötürmə gücümüzü artırmaq və Avropanın enerji təhlükəsizliyini möhkəmləndirmək potensialına malikik. Gücün hər hansı növbəti artımı bazarın tələbi əsasında tənzimlənəcək. Eyni zamanda, enerji təhlükəsizliyinə verdiyimiz töhfə ilə yanaşı, Avropanın enerji keçidinə dəstək sahəsindəki rolumuzu tam dərk edirik. Paralel olaraq, TAP AG öz əməliyyatları üçün dekarbonizasiya planı hazırlayır.

Dekarbonizasiya səylərimiz enerji səmərəliliyi tədbirləri, elektrikləşdirmə araşdırmaları və emissiyaların azaldılması planının tətbiqi vasitəsilə birbaşa CO2 emissiyalarının azaldılmasına yönəlib. Məqsədimiz bu il ərzində OGMP 2.0 standartına nail olmaqdır. Sürətlə dəyişən geosiyasi və tənzimləyici bazar mühitində biz TAP-ın davamlılığını və gələcəyə hazır olmasını təmin etmək üçün çevikliyə və qabaqcıl planlaşdırmaya xüsusi önəm veririk".

Chosen
19
far.az

1Sources