EN

“Müdafiə haqqında” Qanuna dəyişiklik edilir

“Müdafiə haqqında” Qanuna dəyişiklik edilir

“Müdafiə haqqında” Qanuna dəyişiklik edilir. Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Nazirlər Kabinetinin silahların və strateji materialların ixracı üzərində nəzarəti təşkil etmək səlahiyyəti ləğv edilir.

Qanun layihəsini təqdim edən Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, bu Qanun layihəsində Azərbaycan Respublikasının qanunvericilik sisteminin təkmilləşdirilməsi və mövcud idarəetmə strukturuna uyğunlaşdırılması məqsədilə qeyd olunan qanunlarda müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur: “Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun qüvvəyə minməsinə qədər hərbi komissarlıqlar bilavasitə Müdafiə Nazirliyinin strukturunda fəaliyyət göstərirdi. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqinin təmin edilməsi, müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədi ilə Müdafiə Nazirliyinin tabeliyində olan Hərbi Komissarlığı, Naxçıvan MR-in Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilib və onların əsasında 2012-ci il 13 fevral tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Müdafiə Nazirliyinin tabeliyində olmayan, müstəqil mərkəzi icra hakimiyyəti orqanıdır. Bu Xidmətin fəaliyyəti və maddi-texniki təchizat qaydası Prezidentin müvafiq fərmanları, həmçinin “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə” ilə tənzimlənir.

Ona görə də bu səlahiyyətlərin Nazirlər Kabinetinə aid olması normasını əks etdirən abzasın “Müdafiə haqqında” Qanunun 6-cı maddəsindən çıxarılması təklif edilir. Eyni zamanda layihədə göstərilən digər qanunlardan da “hərbi komissarlıq” sözlərinin çıxarılması təklif edilir. Ümid edirəm ki, qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi mövcud sahədə tənzimləmənin daha dəqiq və birmənalı tətbiqinə imkan yaradacaqdır.

Təklif edilən dəyişikliklər ümumilikdə uyğunlaşdırma xarakterli dəyişikliklərdir, habelə “Normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərindən irəli gələrək qanunvericilik texnikası baxımından bəzi ifadələrin dəqiqləşdirilməsi təklif edilir”.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib. (“Qafqazinfo”)

Chosen
4
3
afn.az

4Sources