EN

Azərbaycan xarici siyasət kursunu milli maraqlara uyğun müəyyən edir ŞƏRH

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 3 mart, AZƏRTAC

Müasir dövrdə beynəlxalq münasibətlər sistemi ciddi sınaqlarla üz-üzədir. Ayrı-ayrı regionlarda baş verən qarşıdurmalar, artan gərginliklər və geosiyasi maraqların toqquşması bir daha göstərir ki, yalnız güclü dövlətçilik əsaslarına malik olan ölkələr bu mürəkkəb proseslər fonunda öz milli maraqlarını qoruya bilir. Xüsusilə Yaxın Şərqdə, o cümlədən ABŞ, İsrail və İran arasında baş verən son hadisələr regional və qlobal təhlükəsizlik mühitinə təsirsiz ötüşmür. Belə bir şəraitdə Azərbaycanın mövqeyi aydındır və dəyişməzdir. Azərbaycan müstəqil dövlətdir və öz xarici siyasət kursunu milli maraqlarına uyğun şəkildə müəyyən edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.

“Müstəqilliyimizin ilk illərində mövcud olan siyasi xaos, institusional zəiflik və təhlükəsizlik boşluqları aradan qaldırılıb. Dövlətçilik ənənələri möhkəmləndirilib, güclü idarəetmə sistemi formalaşdırılıb. Bu gün Azərbaycan güclü orduya malik olan, özünü müdafiə etməyə qadir dövlətdir. Ordumuzun maddi-texniki bazası müasirləşdirilib, döyüş qabiliyyəti yüksəldilib və hərbi idarəetmədə peşəkarlıq təmin olunub. Bununla yanaşı, iqtisadi sahədə əldə olunan nailiyyətlər ölkəmizin siyasi müstəqilliyinin əsas dayaqlarından birinə çevrilib. Dayanıqlı iqtisadiyyat Azərbaycanın heç bir xarici mərkəzdən asılı olmadan qərar qəbul etməsinə real imkan yaradır”, - deyə o deputat bildirib.

O qeyd edib ki, Azərbaycanın xarici siyasəti balanslaşdırılmış və praqmatik xarakter daşıyır. Ölkəmiz beynəlxalq hüquqa, qarşılıqlı hörmət və suverenlik prinsiplərinə əsaslanan münasibətlərin tərəfdarıdır: “Kimlə əməkdaşlıq etmək, hansı ölkələrlə tərəfdaşlıq münasibətləri qurmaq və hansı formatlarda əlaqələr saxlamaq Azərbaycanın suveren hüququdur. Azərbaycan münasibətləri emosiyalar üzərində deyil, milli maraqlar və rasional dövlətçilik yanaşması əsasında qurur. Eyni zamanda, Azərbaycanın regionda baş verən proseslərə münasibəti məsuliyyətli və ölçülüdür. Ölkəmiz hər zaman sülhün, sabitliyin və dialoqun tərəfdarı olub. Lakin bu mövqe Azərbaycanın təhlükəsizliyinə və milli maraqlarına yönəlmiş istənilən təhdid qarşısında zəiflik kimi başa düşülməməlidir. Heç kimin ağlına Azərbaycana qarşı hər hansı təxribat törətmək gəlməməlidir. Çünki müasir Azərbaycan öz maraqlarını qorumaq üçün kifayət qədər siyasi iradəyə, iqtisadi və hərbi gücə malikdir”.

S.Salmanova vurğulayıb ki, beynəlxalq mühitin gərginləşdiyi indiki dövrdə Azərbaycanın əsas üstünlüyü onun müstəqil qərarvermə qabiliyyətidir. Ölkəmiz heç bir hərbi-siyasi blokun diktəsi altında fəaliyyət göstərmir, heç bir dövlətin maraqlarının alətinə çevrilmir. Azərbaycan öz yolunu özü müəyyən edir və bu yol milli maraqlara söykənir. Bu gün güclü Azərbaycan modeli artıq reallıqdır. Bu model siyasi sabitlik, iqtisadi dayanıqlıq, güclü ordu və müstəqil xarici siyasət üzərində qurulub. Məhz bu amillər Azərbaycanın beynəlxalq nüfuzunu artırır, ölkəmizi regionda etibarlı və proqnozlaşdırılan tərəfdaşa çevirir.

Onun sözlərinə görə, bu yanaşmanın və Azərbaycanın güclü dövlət modelinin arxasında Prezident İlham Əliyevin uzaqgörən və ardıcıl dövlətçilik siyasəti dayanır: “Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan siyasi kurs milli maraqların üstünlüyünə, praqmatizmə və real güc balansının düzgün qiymətləndirilməsinə əsaslanır. Dövlətimizin başçısının uzagörən siyasəti ölkəmizin daxili sabitliyini möhkəmləndirməklə yanaşı, Azərbaycanın beynəlxalq arenada etibarlı, proqnozlaşdırılan və güclü tərəfdaş kimi mövqeyini təmin edir. Məhz bu uzaqgörən siyasət nəticəsində Azərbaycan hər zaman öz maraqlarını qorumaq, müstəqil qərarlar qəbul etmək və regionda sülh və sabitliyin təmin olunmasına töhfə vermək imkanına malikdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
1
azertag.az

2Sources