Süleymaniyyədə yerləşən silahlı qruplaşmaların qərargahının pilotsuz aparatla hədəf alındığı bildirilir...
Poliqon xəbər verir ki, bu barədə Tasnim Agentliyi məlumat yayıb. Məlumata görə, İran İraqın Süleymaniyyə şəhərində yerləşən kürd silahlı qruplaşmalarının qərargahına pilotsuz uçuş aparatı ilə zərbə endirib.
Agentliyin yaydığı açıqlamada qeyd olunur ki, hücum “Süleymaniyyədə yerləşən kürd terrorçu qruplaşmalarının qərargahına PUA zərbəsi” kimi qiymətləndirilib. İran tərəfi bu əməliyyatın təhlükəsizlik məqsədləri daşıdığını vurğulayıb. Hücumun nəticələri və mümkün itkilərlə bağlı əlavə rəsmi məlumat verilməyib.
Xatırladaq ki, fevralın 28-dən etibarən ABŞ və İsrail İran ərazisinə hücumlar həyata keçirir. Bu zərbələr nəticəsində ölkədə ciddi dağıntılar və insan tələfatı qeydə alınıb. Rəsmi məlumatlara əsasən, hücumlar zamanı İranın Ali Lideri ayətullah Əli Seyid Xamenei və bir sıra yüksək vəzifəli şəxslər həlak olub.
İran isə cavab olaraq İsrail ərazisinə və Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına raket zərbələri endirir. Martın 2-də Livanın “Hizbullah” hərəkatı da İsrailə qarşı müharibəyə qoşulduğunu bəyan edib. İsrail tərəfi isə “Hizbullah”a qarşı hücum əməliyyatına başladığını açıqlayıb.
Regionda qarşıdurmanın genişlənməsi fonunda gərginlik daha da artır və müxtəlif ölkələr münaqişənin daha böyük miqyas alacağı ilə bağlı narahatlıq ifadə edirlər.
Poliqon.info