“Pulsuz tibbi xidmətin daha effektiv olması üçün icbari tibbi sığorta sistemi perspektivdə bütün tibbi sahələri əhatə etməlidir”.
KONRKET.az xəbər verir ki, bu sözləri Baku.ws-ə açıqlamasında tibb elmləri doktoru, infeksionist Adil Qeybulla bildirib.
Professor əlavə edib ki, bunun reallaşması üçün yalnız istək kifayət deyil – güclü maliyyə bazası, müasir infrastruktur və dayanıqlı idarəetmə mexanizmi lazımdır:
“Bu yükü yalnız həkimlərin və digər tibb işçilərinin fədakarlığı hesabına daşımaq mümkün deyil, sistem real resurslara söykənməlidir. Bu baxımdan, bəzi xidmətlərin müəyyən müddət ərzində dövlət və vətəndaş arasında bölüşdürülməsi daha rasional yanaşma ola bilər. Mərhələli şəkildə genişlənən sığorta paketi zamanla həmin xidmətləri də tam əhatə edə bilər. Belə bir keçid modeli həm maliyyə dayanıqlığını qoruyar, həm də sistemin qəfil yüklənməsinin qarşısını alar.
Eyni zamanda, prioritet istiqamətlər aydın müəyyənləşdirilməlidir. Xüsusilə sosial həssas qruplar üçün həyati əhəmiyyət daşıyan xidmətlərin əlçatanlığı tam təmin olunmalıdır. İlk növbədə təxirəsalınmaz tibbi yardım və doğuş xidmətləri icbari tibbi sığorta çərçivəsində birmənalı və tam şəkildə qarşılanmalıdır. Bu sahələrdə heç bir vətəndaş maliyyə çətinliyi səbəbindən tibbi xidmətdən məhrum qalmamalıdır”.