EN

Putin Əl-Xəlifə ilə ABŞ və İsrailin İrana hücumunu müzakirə etdi

Rusiya prezidenti Vladimir Putin Bəhreyn kralı Həməd bin İsa Əl-Xəlifə ilə telefon danışığında ABŞ və İsrailin İrana qarşı hücumunu müzakirə edib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hər iki tərəf vəziyyətin nəzarətdən çıxmasının qarşısını almaq üçün hücumların dayandırılmasının vacibliyini vurğulayıb.

Kremldən verilən açıqlamada Putinin kral Əl-Xəlifə ilə telefon danışığı apardığı təsdiqlənib.

ABŞ və İsrailin İrana qarşı təcavüzünün müzakirə edildiyi bildirilən görüşdən sonra yayımlanan açıqlamada aşağıdakılar yer alıb:

"ABŞ və İsrailin təcavüzü nəticəsində İran ətrafında yaranan və bütün bölgəni gözlənilməz nəticələrə malik tammiqyaslı müharibəyə sürükləyən vəziyyətlə bağlı fikir mübadiləsi aparıldı. Hər iki tərəf vəziyyətin tamamilə nəzarətdən çıxmasının qarşısını almaq və siyasi və diplomatik həll yoluna qayıtmaq üçün hücumların dayandırılmasının vacibliyini vurğuladı. Hadisələr Rusiyanın dostluq münasibətləri saxladığı bir çox ərəb dövlətlərinin təhlükəsizliyini təhdid edir."

Bəyanatda həmçinin Putinin regiondakı vəziyyəti yaxşılaşdırmaq üçün əlindən gələni etməyə hazır olduğunu bildirdiyi vurğulanıb.

İsrail və ABŞ Tehran və Vaşinqton administrasiyaları arasında danışıqların davam etdiyi 28 fevralda İrana hərbi hücuma başlayıb.

İran buna cavab olaraq ABŞ bazalarının yerləşdiyi İsrail, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn də daxil olmaqla bir neçə regional ölkədə müəyyən etdiyi hədəflərə hücumlar edib.

ABŞ-İsrail hücumlarında İran lideri Xamneyi və çoxsaylı digər yüksək vəzifəli şəxslər öldürülüb.

İran Qırmızı Ayparası ölkəni hədəf alan bombardmanlarda 555 nəfərin öldüyünü və 747 nəfərin yaralandığını açıqlayıb.

Könül

Musavat.com 

Chosen
75
7
musavat.com

10Sources