EN

Rusiya muzeyinin baş direktoru: Qara Qarayev möhtəşəm bəstəkar və təvazökar insan idi

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 2 mart, Anara Axundova, AZƏRTAC

Bu il Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, dahi bəstəkar, akademik, tanınmış alim, pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı Qara Qarayevin anadan olmasının 108-ci ildönümü qeyd olunur.

AZƏRTAC bu münasibətlə dünyanın müxtəlif ölkələrində yaşayan və çalışan musiqiçilər, mədəniyyət və incəsənət xadimləri ilə söhbətlər silsiləsini davam etdirir.

Rusiya Milli Musiqi Muzeyinin baş direktoru, RF Əməkdar incəsənət xadimi, Rusiya Federasiyası Prezidenti yanında Mədəniyyət Şurasının və bu ölkənin İctimai Palatasının üzvü Mixail Brızqalov görkəmli Azərbaycan bəstəkarının yaradıcılığının əhəmiyyəti haqqında fikirlərini bölüşüb:

“Sovet dövrünün mühüm ideoloji prinsiplərindən biri milli mədəniyyətlərin inkişafı və milli istedadların təşviqi idi. Akademik musiqi janrlarını mənimsəyən bəstəkarlardan folklor ənənələrindən istifadə etmələri gözlənilirdi. Bu, keyfiyyət meyarı idi və təşviq olunurdu! Prinsip etibarilə, bir çoxları buna nail olurdu, lakin musiqi dili XX əsrdən daha çox XIX əsri xatırladırdı. Amma bu, Qara Əbülfəz oğlu Qarayev üçün kifayət deyildi. Necə deyərlər, o, öz nailiyyətlərinə arxalana bilərdi. Qara Qarayev möhtəşəm, zəhmətkeş və çox təvazökar bir musiqiçi idi, daim axtarışda olurdu! Bu keyfiyyəti ona müəllimi Dmitri Şostakoviç aşılamışdı. Müəyyən bir məqamda Qarayev ənənəvi mədəniyyətin təsirində qalmağın və həm də müasir musiqinin dilində danışmağın mümkün olduğunu anladı. Altmış ildən bir az çox öncə, 1965-ci ildə onun Üçüncü simfoniyasının premyerası baş tutdu və bu, ehtimal ki, sovet musiqisində canlı milli materialı və dodekafoniyanı birləşdirən ilk simfoniya idi. Bu, Yeni Vyana məktəbinin rəhbəri Arnold Şönberq tərəfindən XX əsrdə formalaşdırılmış bəstəkarlıq metodudur.

Əslində, bu, müasir dövrdə də davam edən bir problemdir. Bəlkə də incəsənətdə ən vacib problemlərdən biridir: biz tez-tez qloballaşma prosesinin hər kəsi eyni etdiyini, milli mədəniyyətin əhəmiyyətini azaltdığını və inkar etdiyini deyirik. Beləliklə, Stravinski, Prokofyev və Şostakoviçin musiqisinə heyran olan Qara Qarayev yuxarıda müzakirə edilən iki uyğunsuz elementi necə birləşdirə biləcəyini göstərdi. Onun davamçıları da eyni şeyi etdilər. Məsələn, Qara Əbülfəz oğlunun varisi Fərəc Qarayev və ya Firəngiz Əlizadə kimi bəstəkarların adını çəkmək kifayətdir. Klassik musiqidən kənara çıxsaq, Vaqif Mustafazadə cazda da eyni şeyi etdi və məsələn, Şahin Növrəsli də bu gün həmin yoldadır. Heç də təsadüfi deyil ki, Bakıda keçirilən bir sıra müasir klassik musiqi festivalları Qara Qarayevin adını daşıyır”.

Qeyd edək ki, 2018-ci ildə Rusiya Milli Musiqi Muzeyində Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş “Əsrlə bərabər yürümək” adlı böyük sərgi təşkil olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
52
azertag.az

1Sources