EN

İqtisadçı Akif Nəsirli: Bazarda gərginlik davam etdikcə, neft qiymətlərində dalğalanmalar gözlənilir

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Əmtəə birjalarının açılışından sonra neft qiymətlərinin kəskin artacağı gözləntiləri güclüdür. Reuters xəbər verir ki, ABŞ və İsrailin İranla münaqişəsi Hürmüz boğazında neft daşımalarının riskini artırıb və bu, bazarlarda qiymətləri sürətlə yüksəldir. Analitiklər bu geosiyasi risk fonunda Brent markalı neftin qiymətinin 100 dollar səviyyəsinə qədər qalxa biləcəyini proqnozlaşdırır. Birjalar bağlananda Brent nefti son dəfə 73 dollar səviyyəsində qiymətlənmişdi, lakin eskalasiya bu rəqəmlərdən xeyli yuxarıya sıçrayışa səbəb ola bilər. Hürmüz boğazı qlobal neft ticarətinin təxminən 20 %-ni təşkil etdiyinə görə, bu yolun əməliyyatında yaranacaq hər hansı ciddi pozuntu dünya bazarlarına birbaşa təsir edir. Belədir ki, geosiyasi gərginlik neft təchizat riskini artıraraq qlobal enerji bazarında güclü volatilliyaya yol açır.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, regiondakı münaqişə və Hörmüz boğazı kimi strateji neft tranzit yollarının risk altında qalması, daha doğrusu bağlanması enerji bazarında qeyri-müəyyənliyi artırır: “Belə risklər investorlar və ticarət iştirakçıları arasında “təhlükəsizlik premiyası” yaradır. Yəni real tələbat və təklifdən əlavə, risk faktorunu da qiymətə daxil edirlər. Bu səbəbdən birjaların açılmasından sonra neft qiymətlərində kəskin sıçrayışlar müşahidə oluna bilər. Əgər münaqişə genişlənərsə və əsas ixrac marşrutlarına təsir edərsə, bazarda təklifin daralacağı qorxusu daha da güclənər və bu da qiymətləri yuxarı çəkə bilər. Uzunmüddətli müharibə şəraitində şirkətlər və ölkələr ehtiyat tədarükləri artırmağa çalışa, istehsal planlarını dəyişə və uzunmüddətli müqavilələrdə qiymətlərin artmasını gözləyə bilərlər. Qlobal iqtisadiyyata təsir baxımından, neft və enerji qiymətlərinin artması istehsal xərclərini yüksəldir, bu da inflyasiya təzyiqlərini gücləndirə bilər. İstehlakçılar üçün yanacaq və nəqliyyat xərclərinin bahalaşması alıcı tələbinə mənfi təsir göstərə bilər. Enerji ixrac edən ölkələrin valyuta gəlirləri artdığı halda, enerji asılılığı yüksək olan ölkələr üçün iqtisadi yüklər artacaq”.

Akif Nəsirli

Ekspert qeyd edib ki, müharibə uzandıqca alternativ təchizat marşrutlarının tapılması, enerji effektivliyinin artırılması və alternativ enerji mənbələrinə keçidin sürətlənməsi kimi strategiyalar daha çox müzakirə olunacaq.

İqtisadçının fikrincə, sərmayəçilər risklərin diversifikasiyası üçün digər bazarlara yönələ bilərlər: “Bütün bu amillər birlikdə enerji bazarının dinamikasını daha mürəkkəb və dəyişkən edir və bazarda gərginlik davam etdikcə neft qiymətlərində dalğalanmalar gözlənilir. Neftin bahalaşması isə bütün istehsal prosesinin bahalaşmasına səbəb olacaq”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
64
bizimyol.info

1Sources