EN

BMW-nin bu modellərini sürürsünüzsə, təcili rəsmi servisə gedin!

Almaniyanın BMW avtomobil istehsalçısı, potensial alışma riski səbəbindən dünya üzrə 575.000 avtomobili geri çağırmaq qərarına gəlib. Risk altında olan modellər 9 iyun 2022-ci il ilə 5 dekabr 2025-ci il arasında istehsal olunmuş i5, i7 Series, M5, 5 Series-dir.

Nəzərə alsaq ki, BMW modelləri Azərbaycanda kifayət qədər üstünlük verilən avtomobillərdəndir, problem yerli sürücüləri də narahat etməyə bilməz.

Azərbaycanda BMW-nin rəsmi diler və servis mərkəzi olan “İmproteks Motors” şirkətindən məsələni dəqiqləşdirdik.

Şirkətin Marketing və Korporativ əlaqələr üzrə müdür müavini Ziya Mahmudov Bizim.Media-ya açıqlamasında bildirib ki, məsələ düşünüldüyü kimi təhlükəli deyil.

“Bu qüsurla bağlı, nə dünyada, nə də Azərbaycanda heç bir hadisə qeydə alınmayıb. Sadəcə “nəsə ola bilər” riski olduğu üçün istehsalçı şirkət qabaqlayıcı tədbir görür. Beynəlxalq geriçağırılma kampaniyasında bəzi modellərin starterləri dəyişdirilir. Bizim rəsmi servisdən satdığımız bütün avtomobil sahibləri ilə kontaktımız var. Özümüz onlarla əlaqə yaradıb çağırırıq və tamamilə pulsuz problemi detalı dəyişdiririk”.

Z.Mahmudov diqqətə çatdırıb ki, istehsalçı şirkət vaxtaşırı olaraq sınaq və yoxlama işlərini aparır.

Həm təzə, həm də yürüşü 100 mini keçmiş avtomobillərdə anomal hava şəraitlərinə görə yoxlamalar aparılır.
 

“BMW 2022-ci ildən indiyədək 8 milyondan artıq maşın istehsal edib. Bu saydan yarım milyonunda “ola bilər” ehtimalına görə maşınları geri çağırmaq, əslində şirkətin öz istehsalına və alıcılarına diqqətinin göstəricisidir”, - deyə o vurğuladı.


Şirkət rəsmisi məsələnin təhlükəli tərəfinin əslində kənardan gətirilən maşınlarla əlaqəli olduğunu bildirir. Onun sözlərinə görə, ABŞ, Koreyadan və digər ölkələrdən maşın gətirənlərin rəsmi servislərdə qeydiyyatdan keçməməsi problem yaradır.

Şəfiqə Şəfa, Bizim.Media

Chosen
12
1
bizim.media

2Sources