Paris, Berlin və London Tehranın Yaxın Şərqdə müttəfiqlərə qarşı zərbələrinə cavab olaraq hərbi tədbirlərin mümkünlüyünü istisna etməyib...
Poliqon xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi saytında dərc olunmuş birgə bəyanatda bildirilib. Fransa, Almaniya və Böyük Britaniya rəhbərləri İranın Yaxın Şərq ölkələrinə qarşı həyata keçirdiyi “seçimsiz və qeyri-mütənasib” raket zərbələrini kəskin şəkildə pisləyərək, İslam Respublikasını hücumları dərhal dayandırmağa çağırıblar.
Bəyanatda vurğulanır ki, İranın hərbi addımları Fransa, Almaniya və Böyük Britaniyanın regiondakı yaxın müttəfiqlərinə qarşı yönəlib və həm hərbçilərin, həm də mülki əhalinin təhlükəsizliyinə ciddi təhdid yaradır. Avropa ölkələri Yaxın Şərqdə öz maraqlarını və təhlükəsizlik öhdəliklərini qorumaqda qətiyyətli olduqlarını bəyan ediblər.
“Bu, zərurət yaranarsa, İranın raket və pilotsuz uçuş aparatlarını buraxmaq imkanlarını mənbəyində məhv etmək üçün mütənasib hərbi müdafiə tədbirlərinin tətbiqini də əhatə edə bilər”, deyə birgə bəyanatda qeyd olunub.
Sənəddə həmçinin bildirilir ki, Fransa, Almaniya və Böyük Britaniya bu məsələ ilə bağlı ABŞ və Yaxın Şərqdəki müttəfiqlərlə sıx koordinasiya şəraitində fəaliyyət göstərir.
Qeyd edək ki, bundan əvvəl ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. ABŞ Prezidenti Donald Tramp xalqa müraciətində zərbələri Tehranın nüvə ambisiyalarından imtina etməməsi ilə əlaqədar “səbrin tükənməsi” ilə əsaslandırıb. Əməliyyatlar zamanı İranın bir sıra şəhərləri, o cümlədən paytaxt Tehran da hədəfə alınıb. Zərbələrdən biri İranın ali rəhbəri Əli Xameneinin iqamətgahına tuş gəlib və onun həlak olduğu bildirilib.
Buna cavab olaraq İran İsrailə və Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına qarşı raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Regionda gərginlik sürətlə artmaqda davam edir və beynəlxalq ictimaiyyət tərəfləri vəziyyəti daha da eskalasiyaya aparacaq addımlardan çəkinməyə çağırır.
Poliqon.info