EN

Merts: Almaniya hökuməti ABŞ və İsrailin İrana hücumu ilə bağlı hüquqi dilemma ilə üzləşib...

Berlin beynəlxalq hüquqi qiymətləndirmə məsələsində çətin seçim qarşısında qalıb...

Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyi məlumat yayıb. Məlumata görə, Almaniya kansleri Fridrix Merts Berlində keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların qiymətləndirilməsi məsələsində hökümət ciddi dilemma ilə üz-üzədir.

Kanslerin sözlərinə görə, Almaniya hökumətində hazırda baş verən hadisələrin beynəlxalq hüquq baxımından necə dəyərləndirilməli olduğu geniş şəkildə müzakirə edilib. Kansler qeyd edib ki, məsələ həm regional təhlükəsizlik, həm də beynəlxalq hüququn prinsipləri baxımından mürəkkəb xarakter daşıyır.

“Biz dilemma görürük”, deyə Merts vurğulayıb. O əlavə edib ki, Almaniya tərəfi bir tərəfdən İsrailin təhlükəsizlik narahatlıqlarını anlayır, digər tərəfdən isə beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmasının vacibliyini əsas götürür.

Kansler çıxışında Almaniyanın mövqeyinin balanslı və məsuliyyətli olacağını bildirib. Berlinin həm regionda gərginliyin daha da artmaması, həm də diplomatik həll yollarının saxlanılması istiqamətində çalışdığı qeyd edilib.

Ekspertlərin fikrincə, Almaniyanın üzləşdiyi dilemma NATO çərçivəsində müttəfiqlik öhdəlikləri ilə beynəlxalq hüquq normaları arasında incə balansın qorunması zərurəti ilə bağlıdır. Mövcud vəziyyət Avropa İttifaqı daxilində də vahid mövqenin formalaşdırılmasını çətinləşdirə bilər.

Hazırda Almaniya hökuməti hadisələrin inkişafını diqqətlə izləyir və tərəfləri təmkinə, diplomatik kanalların açıq saxlanmasına çağırır.

Poliqon.info

Chosen
83
2
poliqon.info

3Sources