EN

İran 10 PUA-nı vurduğunu açıqlayıb

BAKI, TurkicWorld

Ötən saatlar ərzində İranın müxtəlif ərazilərində İrana hücum edən ölkələrə məxsus 10 modern Pilotsuz Uçan Aparat vurulub.

TurkicWorld-un məlumatına görə, bu barədə İran ordusu məlumat yayıb.

Məlumata görə, əsasən "Hermes" növlü PUA-lar olan aparatlar İranın Tehran, Xuzistan, İsfahan vilayətlərində, ölkənin qərbi və şimal-qərbində vurulub.

İran ordusu qeyd edir ki, İrana qarşı hərbi hava hücumları başladıqdan bəri ümumilikdə 22 PUA vurulub.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

İsrail və ABŞ-nin ötən gün həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Chosen
3
6
turkic.world

10Sources