EN

Azərbaycan şahmatında yeni era: Gənclər illərin təcrübəsinə qalib gəldilər

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan şahmatında illərdir müzakirə olunan bir sual var: yeni nəsil məsuliyyəti nə vaxt tam şəkildə üzərinə götürəcək? Mərhum Vüqar Həşimov, dünya şahmatının elitasında möhkəmlənmiş Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov, eləcə də təcrübəli Rauf Məmmədov, Nicat Abbasov, Eltac Səfərli kimi şahmatçılar nə zaman tam olaraq əvəz olunacaq? Budəfəki Azərbaycan çempionatı bu suala böyük ölçüdə cavab verdi. Məlum oldu ki, şahmatımızda yenilənmə prosesi artıq ciddi surətdə tamamlanıb. Turnir təkcə medallar uğrunda mübarizə ilə yadda qalmadı, həm də mövqelərin dəyişməsi, adların yenilənməsi və psixoloji üstünlüyün əl dəyişməsi ilə əlamətdar oldu.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

92 min manatlıq mükafat fondu

Azərbaycan çempionatı 6-22 fevral tarixlərində baş tutdu. Turnirdə 46 şahmatçı qalib adı uğrunda mübarizə apardı: kişilərdə 30, qadınlarda isə 16 iştirakçı gücünü sınadı. Nokaut sistemi üzrə keçirilən yarışın hər mərhələsində tərəflər iki klassik partiyada üz-üzə gəldilər. Klassik oyunlarda qalib müəyyənləşməyəndə güclünün adına tay-breykdə aydınlıq gətirildi. Yarışın ümumi mükafat fondu 92 min manat təşkil edirdi ki, bunun 62 min manatı kişilərin, 30 min manatı isə qadınların çempionatına ayrılmışdı.

Təcrübəsi, yüksək reytinqi və statusu Şəhriyara kömək olmadı

Kişilərin mübarizəsində əsas favorit ənənəvi olaraq Şəhriyar Məmmədyarov idi. Təcrübəsi, yüksək reytinqi və statusu ilə o, yenə də siyahının başında yer alırdı. Onun çıxışı da gözlənildiyi kimi oldu, finala qədər plan üzrə irəlilədi. Lakin həlledici mərhələdə fərqli mənzərə ortaya çıxdı.

Finalda onun rəqibi gənc şahmatçı Məhəmməd Muradlı oldu. 22 yaşlı qrossmeyster daha əvvəl iki dəfə Azərbaycan çempionluğu yaşamışdı - 2019 və 2022-ci illərdə. Lakin həmin turnirlərdə ölkə şahmatının əsas adları iştirak etmədiyindən bu qələbələr fərqli kontekstdə qiymətləndirilirdi. Son illərdə çempionatımızın səviyyəsi kifayət qədər yüksəlib və bütün aparıcı şahmatçıların iştirakı təmin olunur. Yığma komandaların heyəti də çempionatdakı nəticələrə əsasən formalaşır. Bu da rəqabəti getdikcə artırır.

Budəfəki final qarşılaşması gərginliyi ilə diqqət çəkdi. İlk partiyanın heç-heçə bitməsi balansın qorunduğunu göstərirdi. Cavab görüşündə isə Muradlı riskə gedərək nəticəni öz xeyrinə çevirdi. O, 1,5:0,5 hesabı ilə qələbə qazandı və ölkə çempionu titulunu əldə etdi.

Bu nəticə təsadüfi sayıla bilməz. Muradlı turnir boyu sabit və hesablanmış oyun nümayiş etdirdi. Ən önəmli məqam isə psixoloji dayanıqlığı oldu. Güclü və təcrübəli rəqib qarşısında təşəbbüsü ələ alıb sonadək qoruması gənc şahmatçının yetkinliyini göstərdi.

Üçüncü yer uğrunda görüşdə isə Aydın Süleymanlı Read Səmədova qalib gələrək bürünc medal qazandı. Bu da göstərdi ki, gənc nəsil artıq epizodik deyil, sistemli şəkildə ön sıralara yüksəlir.

Qadınların yarışında yeni çempion

Qadınların yarışında da gərgin anlar diqqət çəkdi. Final qarşılaşması Ülviyyə Fətəliyeva və Ayan Allahverdiyeva arasında baş tutdu. Hər iki şahmatçı finala qədər inamla irəliləməyi bacardı. Xüsusilə, Allahverdiyevanın yarımfinalda qalib gəlib həlledici qarşılaşmaya çıxması dramatik anlarla yadda qaldı.

21 yaşlı Ayan finalın bir addımlığında Türkan Məmmədyarova ilə üz-üzə gəldi. İlk partiyada hakimlər onun qayda pozuntusu səbəbindən məğlub hesab edildiyini elan etsələr də, Allahverdiyeva apellyasiya şikayəti verdi. Videoyazı və gedişlərin ardıcıllığı araşdırıldıqdan sonra iddia haqlı hesab olundu və partiyanın nəticəsi heç-heçə kimi rəsmiləşdirildi. Sonrakı görüşdə Ayan rəqibinə qalib gələrək finala yüksəldi.

Həlledici qarşılaşmada mübarizə sonadək davam etdi. Klassik partiyalarda qalib müəyyənləşməyincə, çempion tay-brekdə bəlli oldu. Daha dəqiq və sakit oyun nümayiş etdirən Ülviyyə Fətəliyeva 1,5:0,5 hesabı ilə qalib gəlməklə ilk dəfə Azərbaycan çempionu adını qazandı.

Bu uğur Fətəliyevanın karyerasında yeni mərhələdir, lakin o, bundan əvvəl də şahmat arenasında sözünü deməyi bacarmışdı. Ülviyyə 2024-cü ildə Avropa çempionu olaraq adını tariximizə yazdırmış, milli komandamızın liderlərindən biri kimi son dünya çempionatında həm gümüş medal qazanmış, həm də birinci lövhədə şəxsi göstəricidə "qızıl"a sahib çıxmışdı.

Favorit statusu artıq qalib gəlməyə zəmanət vermir

Çempionatda bir daha təsdiqləndi ki, favorit statusu artıq qalib gəlməyə zəmanət vermir. Turnirin gedişi boyunca təcrübəli və yüksək reytinqə sahib şahmatçılarla gənclərin qarşılaşmaları bunun açıq sübutu oldu. Cavan "iti zəka sahibləri" kritik məqamlarda risk etməyə, təşəbbüsü ələ alıb təcrübəli rəqiblərin üstünlüklərini neytrallaşdırmağa hazır olduqlarını nümayiş etdirdilər.

Rəqabət balansı da artıq əvvəlki illərdən fərqlidir. Azərbaycan şahmatı uzun illər əsasən fərdi liderlərin performansına söykənirdi. Budəfəki turnir göstərdi ki, yeni nəsil artıq epizodik deyil, sistemli şəkildə ön sıralara yüksəlir. Yarış boyu həm kişilərin, həm də qadınların oyunlarında bir-birinə yaxın nəticələr, gözlənilməz qaliblər və tay-brek səhnələri bunun əyani sübutu oldu.

Bəs bu yenilənmə beynəlxalq arenaya nə dərəcədə daşına biləcək? Azərbaycan şahmatının potensialı açıq şəkildə görünür, lakin indi əsas məsələ bu potensialın sərhədləri aşmasıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
88
oxu.az

1Sources