EN

Stratfor: ABŞ-İsrail zərbələri İranı zəiflədə bilər, amma…

Yaxın Şərqdə gərginlik yeni mərhələyə keçib və Vaşinqtonla Təl-Əvivin Tehrana qarşı birgə əməliyyatları regionda geniş qarşıdurma riskini artırır.

KONKRET.az xarici agentliklərə istinadən xəbər verir ki, Stratfor-un yaydığı təhlildə ABŞ və İsrailin 28 fevral tarixli hərbi əməliyyatlarının artıq regional miqyaslı qarşıdurmaya çevrildiyi, lakin bunun qısa müddətdə İran rejiminin süqutuna gətirib çıxarmayacağı vurğulanır.

Stratfor qeyd edir ki, ABŞ və İsrailin hücumları bir neçə gün davam edə bilər. Tehran isə İsrailə və bölgədəki ABŞ hərbi bazalarına zərbələrlə cavab verir və verəcək. Əməliyyatların yalnız konkret nüvə və ya raket obyektlərini deyil, İranın hərbi-siyasi infrastrukturu, o cümlədən SEPAH komandanlıq mərkəzlərini və dəniz potensialını da hədəf aldığı bildirilir. Bu isə İranın strateji imkanlarını uzunmüddətli şəkildə zəiflətmək cəhdi kimi qiymətləndirilir.

Təhlilə görə, İran cavab olaraq qalan ballistik raketlərdən, pilotsuz uçuş aparatlarından və qısamənzilli raketlərdən istifadə edəcək. Xüsusilə İsrailə qarşı ballistik raket hücumlarının artması ehtimal olunur. ABŞ-ın açıq şəkildə rejim dəyişikliyi məqsədi güddüyünü bəyan etməsi Tehranın cavab coğrafiyasını genişləndirə bilər.

İranın İraq, İordaniya və Fars körfəzi ölkələrində yerləşən ABŞ bazalarını vura bilən qısamənzilli raketlərə sahib olduğu qeyd olunur və onlardan bəzilərinin artıq istifadə edildiyi bildirilir. Regional bazalara zərbələr Vaşinqton üçün qarşıdurmanın siyasi və hərbi qiymətini artırmaq məqsədi daşıyır.

Stratfor proksi qüvvələrin aktivləşməsi riskinin də yüksək olduğunu vurğulayır. Ən çevik reaksiya verə biləcək aktor kimi Yəməndəki husilər göstərilir. Onlar raket və dron hücumları, eləcə də dəniz nəqliyyatının pozulması yolu ilə prosesə qoşula bilərlər. İraqdakı “Kataib Hizbullah” da potensial eskalasiya kanalı kimi qiymətləndirilir. Livandakı “Hizbullah” isə genişmiqyaslı müharibə riskinə görə dərhal böyük əməliyyata başlamaya bilər, lakin məhdud iştirak istisna edilmir.

Hazırda ABŞ və İsrailin İranın enerji və iqtisadi infrastrukturunu birbaşa hədəfə alması barədə məlumat yoxdur. Buna görə yaxın perspektivdə İranın Hörmüz boğazında enerji obyektlərinə və ya tankerlərə hücum ehtimalı aşağı qiymətləndirilir, xüsusən də bölgədə ABŞ donanmasının güclü mövcudluğu fonunda.

İsrailin Livan sərhədi boyunca 91-ci diviziyanı yerləşdirdiyi və ehtiyatçıları səfərbər etdiyi bildirilir. Bu addım “Hizbullah”ın qarşıdurmaya qoşula biləcəyi ehtimalı ilə əlaqələndirilir.

Bununla belə, Stratfor hesab edir ki, mövcud zərbələrə baxmayaraq, İran rejimi qısa müddətdə çökməyəcək. İranın ali lider institutu, SEPAH və daxili təhlükəsizlik strukturları üzərində qurulmuş yüksək institusional sisteminin yaxın perspektivdə sabit qalacağı ehtimal olunur.

Təhlildə qeyd olunur ki, xarici hücumlar əksər hallarda “bayraq ətrafında birləşmə” effekti yaradır və hakimiyyətin legitimliyini müvəqqəti olaraq gücləndirə bilər. Dövlətin repressiv imkanları, təhlükəsizlik aparatının loyallığı və müxalifətin parçalanmış vəziyyəti də rejimin davamlılığını təmin edən amillər kimi göstərilir.

Stratfor-un qənaətinə görə, rejimin real süqutu yalnız əlavə destabilizasiya faktorlarının – təhlükəsizlik strukturlarında parçalanma, elita daxilində ciddi fikir ayrılığı və uzunmüddətli kütləvi daxili üsyanlar – eyni vaxtda baş verməsi ilə mümkün ola bilər. Hətta belə halda belə, prosesin sabit və planlı keçid deyil, qeyri-müəyyən və riskli transformasiya ilə nəticələnəcəyi ehtimal olunur.

Chosen
23
50
konkret.az

10Sources