EN

“Bu sənəd sağlam gələcəyimizin qorunmasında faydalı nəticələr ortaya qoyacaq” Deputat

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Prezident İlham Əliyev “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sənəddə vurğulanıb ki, beynəlxalq təşkilatların və elmi tədqiqat qurumlarının araşdırmaları, digər ölkələrin təcrübəsi göstərir ki, uşaqların rəqəmsal mühitdə qorunmasına diqqət yetirilməsi, onların psixoloji rifahı və təhlükəsizliyi, sağlam inkişafı üçün xüsusi hüquqi müdafiə və texnoloji mühafizə mexanizmlərinin tətbiqi tələb olunur. Bu yanaşmada rəqəmsal mühitdə uşaqların şəxsi həyatının, ləyaqətinin və təhlükəsizliyinin bilavasitə dövlətlər tərəfindən qorunması tövsiyə edilir. Beynəlxalq təcrübədə, ilk növbədə, sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi, onlara uşaqlar üçün risklərin azaldılması, məlumatların daha ciddi mühafizəsi və təhlükəsizliyi ilə bağlı öhdəliklər müəyyən edən tələblərin tətbiqinin geniş vüsət alması müşahidə olunur.

Nazirlər Kabinetinə tapşırılıb ki, dövlət orqanlarını, elmi müəssisə və təşkilatları, mütəxəssisləri və vətəndaş cəmiyyəti institutlarını cəlb etməklə, beynəlxalq təcrübə nəzərə alınmaqla, ölkə ərazisində uşaqların sosial şəbəkələrdəki zərərli məzmun və təsirlərindən qorunmasını, o cümlədən sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqini əhatə edən normativ hüquqi aktların layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin. 

Nazirlər Kabineti məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydaların müəyyən edilməsi və tətbiqi ilə bağlı tədbirlər görülməsini təmin edəcək, məktəbəhazırlıq və ümumi təhsil fənləri üzrə təhsil proqramlarına (kurikulumlara), o cümlədən məzmun standartlarına rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış mövzularının daxil edilməsi, eyni zamanda mediada valideynlər, müəllimlər və uşaqlara yönələn maarifləndirmə proqramlarının hazırlanıb həyata keçirilməsi ilə bağlı tədbirlər görəcək. 

Bundan əlavə, sosial şəbəkələrdən qanunauyğun istifadənin, belə istifadə zamanı uşaq hüquqlarının müdafiəsinin təmin edilməsi ilə bağlı mütəmadi maarifləndirmə işinin həyata keçirilməsi, o cümlədən uşaqların rəqəmsal rifahına dair elmi tədqiqatlar aparılmasının təşviq edilməsi məqsədilə tədbirlər həyata keçiriləcək. 

Sosial şəbəkələr həyatımızn ayrılmaz hissəsinə çevrilsə də, onun xüsusilə uşaqlar üçün mənfi fəsadlarının, yaratdığı risklərin, təhdidlərin qarşısını almaq üçün hüquqi tənzimlənməsi günün tələbidir. Çünki sosial şəbəkələr bir yandan azyaşlıların psixoloji sağlamlığına mənfi təsir göstərir. Digər tərəfdən, orada yayılan zərərli və yaşa uyğun olmayan məlumatlar uşaqların mənəvi inkişafına mənfi təsir edir. Bundan əlavə, sosial şəbəkələrdə həddindən artıq vaxt keçirmək uşaqların dərs fəaliyyətinə və fiziki inkişafına da təsirsiz ötüşmür. Bütün bunlar nəzərə alınmaqla sərəncam rəqəmsal mühitdə uşaqların zərərli informasiyalardan qorunmasını, onların təhlükəsizliyini, sağlam inkişafını təmin edəcək.

Milli Məclisin deputatı Fazil Mustafa mövzu ilə bağlı 525.az-a bildirib ki, sərəncam əvvəlcədən də ictimaiyyətdə narahatçılıqla müzakirə olunan uşaqların sosial şəbəkələrdəki zərərli tendensiyalardan qorunmasına yönəlik atılan praktiki addımları nəzərdə tutur. 

“Dövlət başçısı bu müzakirələrin nəticəsi olaraq gələcəkdə hər hansı bir şəkildə uşaqların böyük fəsadlardan qorunması üçün belə bir addımı məqsədəuyğun sayıb. Bu sərəncam konkret hansı istiqamətlərdə işlərin görülməsini müəyyənləşdirən bir sənəddir. Ümid edək ki bu, uşaqların həqiqətən də kütləvi şəkildə istər tiktok, istər feysbuk, eləcə də hansısa digər internet resurslarından məqsədyönlü şəkildə zərərli vərdişlərə yönəldilməsinə qarşı sistemli bir dirənişi təmin edəcək və sağlam gələcəyimizin qorunması üçün faydalı nəticələr ortaya qoyacaq”, - deputat vurğulayıb.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
525.az

1Sources