Pakistan və Əfqanıstan arasında münaqişənin genişmiqyaslı toqquşmalara çevrilməsi regional təhlükəsizlik gündəliyini yenidən ön plana çıxarıb.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp iki ölkə ilə bağlı mövqeyini açıq şəkildə ifadə edib.
Tramp Texasa səfərindən əvvəl Ağ Evdən çıxarkən jurnalistlərin suallarını cavablandırıb. Hər iki ölkənin ondan münaqişəyə müdaxilə etməsini istəyib-istəmədiyi ilə bağlı suala cavab verən Tramp İslamabadla münasibətlərin yaxşı olduğunu bildirib:
“Mən müdaxilə edərdim, amma bildiyiniz kimi, Pakistanla çox yaxşı münasibətlərimiz var. Pakistanın əla baş naziri, əla generalı və əla lideri var. Hər ikisi mənim həqiqətən hörmət etdiyim insanlardır. Düşünürəm ki, Pakistan əla iş görür.”
Pakistan ordusunun ictimaiyyətlə əlaqələr xidməti (ISPR) rəhbəri, general-leytenant Əhməd Şərif Çaudri bildirib ki, dünən gecədən etibarən Durand xətti boyunca Pakistan və Əfqanıstan qüvvələri arasında şiddətli döyüşlər davam edir. Onun sözlərinə görə, əməliyyatlar zamanı 247 əfqan öldürülüb, 400-dən çox şəxs yaralanıb.
Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid isə 19 Pakistan hərbi postunun və iki qərargahın ələ keçirildiyini iddia edib. O, hücumlar nəticəsində 55 Pakistan əsgərinin öldürüldüyünü, bir neçə hərbçinin isə əsir götürüldüyünü bildirib. Mücahidin sözlərinə görə, qarşı tərəfdə 13 nəfər həlak olub, 22 nəfər yaralanıb.
Aytən Yaşar/ Turkustan.az