"İranın vurulması gözlənilən idi. Hələ Vaşinqtonla Tehran arasında danışıqlar başlayandan bildirmişdik ki, bu görüşlər formal xarakter daşıyır və problemin danışıqlar yolu ilə həlli mümkün deyil. Çünki bu məsələ təkcə Vaşinqton və Tehran deyil, eyni zamanda beynəlxalq güclərin də diqqətindədir və onların proseslərə hər an təsir mexanizmləri ola bilər. Bu səhər İrana İsrail tərəfindən hava zərbələrinin endirilməsi bunun təsdiqidir".
Newscenter.az xəbər verir ki, bunları politoloq Arzuman Muradlı deyib. O bildirib ki, İslam Respublikasına qarşı hərbi əməliyyatın baş verəcəyi gözlənilən idi:
"Çünki Birləşmiş Ştatlar İraqda hakimiyyət dəyişikliyinə nail olduqdan sonra ilk dəfə idi ki, Yaxın Şərqdə bu qədər sayda hərbi təyyarələr, texnika yerləşdirirdi. Bütün bunlar əslində müharibəyə hazırlıq idi. Düzdür, İrana qarşı zərbələri İsrail endirsə də, lakin bu əməliyyatın Vaşinqton-Təl-Əviv məsləhətləşməsi nəticəsində reallaşdığı şübhəsizdir. Əvvəlki fikrimizdə qeyd etdiyimiz kimi danışıqlar prosesi yalnız müəyyən zaman qazanmağa xidmət edirdi".
Arzuman Muradlı Birləşmiş Ştatların da İrana qarşı əməliyyatlara hansısa formda dəstək verəcəyini istisna etmir:
"Ancaq son hadisələr İran rejiminin əlinə fürsət vermiş oldu. Bundan sonra rejim dünyaya car çəkəcək ki, danışıqlara razılıq vermişdik və razılaşmaya yaxın idik. Lakin İsrail-Amerika ikilisi bu danışıqları pozdu".
Arzuman Muradlı onu da vurğulayıb ki, bütün mənalarda yaxın qonşumuzda yaşanan bu cür olaylar Azərbaycana da hansısa formada təsirini göstərəcək.
Süleyman