Ermənistan baş naziri Nikol Paşinyan və Anna Akopyanın ayrılığı ilə bağlı müzakirələr davam edir və prosesin siyasi motivli olub-olmaması sual doğurur.
Ölkə.az erməni mediasına istinadən xəbər verir ki, yerli polittexnoloq Vigen Akopyan baş verənlərin sırf şəxsi məsələ olmadığını iddia edib.
Onun sözlərinə görə, Paşinyan və Akopyan uzun müddətdir siyasi baxımdan uzlaşmış və bir-birini tamamlayan tandem olublar və aralarında ciddi siyasi fikir ayrılığı olduğunu təsəvvür etmək çətindir. Akopyan bildirib ki, hazırkı proses seçkiöncəsi mərhələdə baş verdiyi üçün bir çoxları bunu siyasi texnologiya elementi kimi qiymətləndirir.
Polittexnoloq vurğulayıb ki, əgər bu addım Paşinyanın reytinqinə zərər verəcəkdisə, seçkilərə təxminən üç ay yarım qalmış belə bir bəyanat verilməzdi. Onun fikrincə, zərurət olsaydı, Akopyan sadəcə bir neçə ay ictimai diqqətdən kənarda qala bilərdi. Bu isə, Akopyanın gedişinin Paşinyanın məlumatı və razılığı ilə baş verdiyini düşündürür.
Akopyan Anna Akopyanın mümkün cinayət işinə dair ehtimalları istisna etməməsi barədə açıqlamasını da şərh edib. O bildirib ki, bu tip bəyanatlar PR və siyasi texnologiya baxımından müəyyən effekt yaratmağa xidmət edə bilər. Onun fikrincə, “təqib olunan, korrupsiyadan uzaq və çətin vəziyyətdə olan” obraz formalaşdırılır.
Akopyan hesab edir ki, burada iki hədəf auditoriyası var. Birincisi müxalif elektoratdır. Onun sözlərinə görə, müxalif düşərgədə Anna Akopyana münasibət daha mənfidir və onun yüksək neqativ reytinqi Paşinyana da təsir göstərir. Ayrılıq vasitəsilə bu neqativ təsiri zəiflətmək cəhdi ola bilər.
İkinci auditoriya isə hakimiyyətə sadiq seçicilərdir. Akopyanın sözlərinə görə, onların bir hissəsi Anna Akopyanı Paşinyana təsir göstərən fiqur kimi qəbul edirdi və hazırkı addım “Paşinyan mənfi təsirdən xilas oldu” narrativinin formalaşmasına xidmət edə bilər.
Bununla belə, erməni ekspert qeyd edib ki, ailə daxilində real problemlərin mövcudluğunu tam istisna etmək mümkün deyil. Lakin onun qənaətincə, hətta belə problemlər varsa belə, hazırkı mərhələdə onların siyasi məqsədlərlə istifadə olunması ehtimalı böyükdür.(musavat)