Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Ermənistanda keçmiş Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın rəhbərlik etdiyi “Hayrenik” (“Vətən”) partiyası Milli Məclisə seçkilərdə iştirak etməyəcəyini açıqlayıb.
Partiyanın icra orqanı yaydığı bəyanatda üzvlərini və tərəfdarlarını “real müxalif qüvvələrdən hər hansına” səs verməyə çağırıb.
Qeyd edək ki, Vanesyan daha əvvəl seçkilərdə təkbaşına iştirak edəcəklərini bildirmişdi. O, ayın əvvəlində yerli mediaya açıqlamasında həmin qərarın qüvvədə olduğunu desə də, fevralın sonuna qədər vəziyyətin dəyişə biləcəyini istisna etməmişdi.
Son günlər mediada Gagik Tsarukyanın rəhbərlik etdiyi “Noyan Tapan” təşəbbüsünə Vanesyanın da qoşula biləcəyi ilə bağlı iddialar yayılmışdı. Lakin partiyanın son qərarı bu ehtimalları aradan qaldırıb.
Xatırladaq ki, əvvəlki parlament seçkilərində Vanesyanın partiyası üçüncü prezident Serj Sarqsyanın rəhbərlik etdiyi Respublika Partiyası ilə ittifaq qurmuş və təxminən 66 min səs toplamışdı.
Partiya bəyanatında qeyd edib ki, müxalif düşərgədən seçkilərə qatılan qüvvələrin sayının artması seçici səslərinin parçalanmasına və siyasi resursların səmərəsiz bölüşdürülməsinə səbəb ola bilər.
Ermənistanda parlament seçkiləri iyunun 7-nə təyin edilib. Respublika Partiyasının seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı isə hələlik yekun qərar verilməyib. Bu barədə Serj Sarqsyan bir gün əvvəl açıqlama vermişdi.
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.