"Ermənistanın Baş nazirinin bəyanatının həm daxili, həm də xarici auditoriyaya hesablandığı aydındır. Xüsusilə Ermənistanın Qərb strukturları ilə təmaslarını genişləndirdiyi bir mərhələdə bu cür açıqlama Rusiyanı sakitləşdirməyə yönəlmiş addım kimi qiymətləndirilə bilər. Paşinyan son illər “çoxvektorlu siyasət” kursu nümayiş etdirməyə çalışsa da, Rusiya ilə asılılıq hələ də tam aradan qalxmayıb. Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazası təkcə hərbi obyekt deyil, həm də regionda Rusiyanın strateji təsir rıçaqlarından biridir. Ermənistan–Rusiya hərbi sazişləri uzunmüddətli xarakter daşıyır. Belə şəraitdə “narahatlıq yoxdur” ifadəsi daha çox mövcud vəziyyətin dəyişdirilməsinin gündəmdə olmadığını göstərir".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.
Qeyd edək ki, Ermənistanda Rusiyanın 102-ci hərbi bazasının mövcudluğu ilə bağlı hər hansı plan, proqram və ya narahatlıq mövcud deyil. Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan səsləndirib. O bildirib ki, Ermənistanın Rusiya Federasiyası ilə sıx tərəfdaşlıq münasibətləri mövcuddur və iki ölkə arasında iqtisadi və siyasi əlaqələr möhkəm xarakter daşıyır.
Siyasi şərhçi qeyd edib ki, digər tərəfdən, hər hansı xarici dövlətin hərbi bazasının ölkə ərazisində yerləşməsi suverenlik imkanlarına təsir göstərir.