EN

Tehran anlayıb ki, Moskva yalnız yaxşı havaların dostudur

İranın “Şərqə Baxış” doktrinası strateji tərəfdaşlığa gətirdi, lakin strateji öhdəliklərə yox...

Müəllif: Aleks Vatanka, Yaxın Şərq İnstitutunun baş elmi işçisi
Foreign Policy nəşri

Sonuncu gərginlik mərhələsi ABŞ ilə İran arasında tanış ssenari üzrə inkişaf etdi, Vaşinqtonun ritorikasının sərtləşməsi, İranın Fars körfəzində ölçülü-biçili hərbi siqnalları, Oman vasitəsilə dolayı diplomatiya və İsrailin qəsdən qeyri-müəyyən, lakin kifayət qədər real xəbərdarlıqları. Lakin bu xoreoqrafiyanın arxasında Tehranın daxilində daha mühüm bir proses gizlənir. Hazırkı böhran İranın siyasi sinfini son onilliyin xarici siyasətinin əsas dayağını yenidən nəzərdən keçirməyə məcbur edir, yəni Rusiya və Çinlə yaxınlaşmanın Qərb təzyiqindən strateji qoruma təmin edəcəyi inamını.

Uzun illər ərzində Şərqə Baxış doktrinası ölkə daxilində sanksiyalara, təcridə və hərbi təzyiqə struktur cavab kimi təqdim olunurdu. Şanxay Əməkdaşlıq Təşkilatına və BRİKS-ə inteqrasiya, Rusiya və Çinlə uzunmüddətli strateji sazişlər, enerji koordinasiyasının genişləndirilməsi. Müdafiə sənayesi sahəsində əməkdaşlıq sadəcə iqtisadi şaxələndirmə kimi deyil, həm də geosiyasi sığorta kimi qiymətləndirilirdi. Bu məntiqə görə formalaşan çoxqütblü dünya ABŞ-nin təsir rıçaqlarını zəiflətməli və Vaşinqton üçün eskalasiyanı daha baha etməli idi.

Lakin indiki qarşıdurma nəzəriyyəni stres sınağına çevirdi. Stres sınaqları isə mahiyyət etibarilə struktur məhdudiyyətləri üzə çıxarır. Bu gərginlik mərhələsi İranın şərqə yönəli kursunun iflasını deyil, tərəfdaşlıqla müdafiə, diplomatik yaxınlaşma ilə strateji öhdəlik arasındakı sərhədin daralmasını göstərdi. Məhz bu fərq bu gün İran daxilində suverenlik, çəkindirmə və İslam Respublikasının gələcək istiqaməti barədə, çevrilib, xüsusilə də hakimiyyətin varisliyi məsələsi üfüqdə göründüyü bir vaxtda müzakirələrin mərkəzinə çevrilib.

Tehranın mövqeyini yenidən qiymətləndirməsində dönüş nöqtəsi 2025-ci ilin yazına təsadüf etdi. Bu, ABŞ-nin qüvvə yerləşdirməsi və ya İsrailin bəyanatından sonra deyil, Moskvada verilən izahatdan sonra baş verdi. ABŞ Prezidenti Donald Trampın nüvə sazişi üzrə danışıqların iflasa uğrayacağı təqdirdə bombardman ehtimalı barədə açıq xəbərdarlığı fonunda İranın diqqəti yenidən şərqə yönəldi. Rusiya yaxın vaxtlarda İranla hərtərəfli strateji müqaviləni ratifikasiya etmişdi və İran rəsmiləri münasibətlərin yeni, daha yüksək mərhələyə keçdiyini dəfələrlə vurğulamışdılar. Açıq şəkildə nadir hallarda deyilsə də, geniş şəkildə ehtimal edilirdi ki, əməkdaşlıq artıq taktiki məqsədəuyğunluq çərçivəsini aşır.

Lakin 2025-ci ilin aprelində Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko Dövlət Dumasında çıxış edərək müqavilənin mahiyyətini dəqiqləşdirdi. Bu, qarşılıqlı müdafiə sazişi deyil. İran ABŞ tərəfindən hücuma məruz qalarsa, Rusiya hərbi yardım göstərmək öhdəliyi daşımır. Saziş tərəfləri ümumi təhdidlərə qarşı əməkdaşlığa və təcavüzkarı dəstəkləməməyə çağırır, lakin kollektiv müdafiəni nəzərdə tutmur. Bu incə məqam diplomatik baxımdan dəqiq, strateji baxımdan isə həlledici idi. Moskva göstərdi ki, tərəfdaşlıq münaqişəyə cəlb olunmaq demək deyil.

Bu mövqe Rusiyanın Yaxın Şərqdə sərt bloklar yaratmaqdan çox, çoxvektorlu əlaqələrə əsaslanan daha geniş strategiyasına uyğun idi. Moskva yalnız Tehranla deyil, həm də İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə işgüzar münasibətləri qoruyur və bu əlaqələrdə çevikliyini məhdudlaşdıra biləcək öhdəliklər götürməyə xüsusi həvəs göstərmir. Başqa sözlə, Rusiyanın regional yanaşması müttəfiqlik deyil, tranzaksiya xarakteri daşıyır.

Şərqlə yaxınlaşmanı çəkindirməni gücləndirən amil kimi görən İran siyasətçiləri üçün bu siqnal ayıldıcı oldu. Rusiya hərbi eskalasiyanı pisləyəcək, BMT Təhlükəsizlik Şurasında diplomatik dəstək verəcək və lazım gələrsə vasitəçi kimi çıxış edəcək, lakin İranla ABŞ arasındakı qarşıdurmanı Rusiya ilə ABŞ arasında qarşıdurmaya çevirməyəcək.

Ötən ilin iyununda İranla İsrail arasında baş verən on iki günlük müharibə bu anlayışı daha da gücləndirdi. ABŞ qüvvələrinin israillilərlə birlikdə İranın nüvə obyektlərinə zərbələr endirdiyi vaxt Moskva sərt bəyanatlar verdi, lakin birbaşa hərbi yardım göstərmədi. Rusiya rəsmiləri sonradan qeyd etdilər ki, İran formal olaraq belə dəstək istəməyib və Tehran əvvəllər birgə hava hücumundan müdafiə planlaşdırılmasına daha dərin inteqrasiyadan imtina etmişdi. Lakin təəssürat aydın idi, İran zərbələri təkbaşına qarşıladı.

Keçmiş və hazırkı İran rəsmiləri o vaxtdan bəri daha açıq danışmağa başlayıblar. Səhiyyə naziri Məhəmməd Rza Zəfərqəndi bildirib ki, ölkə böhran dövrlərində həmişə tək olub. Digərləri isə Moskvanı müasir Su-35 qırıcıları və S-400 hava hücumundan müdafiə sistemlərini təqdim etməməkdə tənqid ediblər, halbuki oxşar və ya daha inkişaf etmiş texnologiyalar Vaşinqtonla sıx əlaqələri olan Hindistana verilib.

Bu iradlar Rusiyanın döyüşlərdə iştirak edəcəyi gözləntisindən doğmur. Əksinə, onlar strateji tərəfdaşlıq ritorikası ilə Rusiyanın dəstəyinin praktik sərhədləri arasındakı fərqlə bağlı artan narahatlığı əks etdirir. ABŞ ilə kəskinləşən qarşıdurma şəraitində bu fərq siyasi əhəmiyyət kəsb etməyə başlayıb.

Yanvar etirazları zamanı Moskva İranın güc strukturlarına yardım göstərməkdə davam edib, rəqəmsal monitorinq vasitələri, dinləmə texnologiyaları və nümayişlərin dağıdılması üçün modernləşdirilmiş avadanlıqlar təqdim edib, eyni zamanda özü üçün real xərclər və ya birbaşa toqquşma yarada biləcək addımlardan yayınmağa çalışıb.

ABŞ ilə növbəti eskalasiya təkcə çəkindirmənin sınağı olmadı, həm də muxtariyyət anlayışı ətrafında daxili mübahisəni yenidən alovlandırdı. İranın siyasi spektri şərqə yönəli yaxınlaşmanın müdrikliyi və dərinliyi barədə vahid mövqedə deyil. Sərt antiamerikan xətt uzun müddət Moskva və Pekinə yönəli kursu ideoloji korrektə və strateji zərurət kimi təqdim edib, Qərbin düşmənçiliyinin struktur xarakter daşıdığını və yalnız qeyri-qərb oxuna inteqrasiyanın İslam Respublikasının gələcəyini təmin edə biləcəyini iddia edib. Bu baxışa görə Rusiyanın diplomatik dəstəyi və Çinin iqtisadi iştirakı çoxqütblülüyün reallığını və zamanın Tehranın xeyrinə işlədiyini göstərir. Lakin indiki böhran tənqidçilərə yeni arqumentlər verib.

Keçmiş parlament sədr müavini və müstəqil mövqeyi ilə seçilən mühafizəkar siyasətçi Əli Mütəhhəri hər hansı xarici gücdən həddindən artıq asılılıqdan çəkindirməyə çağırıb. Onun tənqidi anti-Rusiya xarakterli deyil, lakin mesaj aydındır, strateji müstəqillik struktur asılılıqla uzlaşmır. Onun fikrincə, muxtariyyət bir mərkəzi digər mərkəzlə əvəzləmək yox, şaxələndirmə tələb edir.

Parlamentin milli təhlükəsizlik və xarici siyasət komitəsinin keçmiş sədri Heşmətullah Fəlahətpişə isə daha irəli gedərək bildirib ki, Rusiyanın regiondakı davranışı göstərir ki, Moskva ilk növbədə öz maraqlarını balanslaşdırır, İranın təhlükəsizliyini prioritet hesab etmir. Onun sözlərinə görə, Rusiya Yaxın Şərqdəki daha geniş münasibətlərini və ya Ukrayna ilə bağlı ABŞ ilə danışıqlarını İran naminə qurban verməyəcək.

Bu fikirlər ona görə əhəmiyyətlidir ki, onlar dominant fraksiyanı təmsil etməsələr də, Moskvanın hesablamalarının Rusiya maraqları ilə müəyyənləşdiyini qəbul edən dairələrin genişləndiyini göstərir. Müzakirə artıq abstrakt deyil, real təcrübəyə əsaslanır.

Beləliklə, eskalasiya Rusiyanı xarici siyasət aktivindən daxili parçalanma xəttinə çevirdi. Sərt xətt tərəfdarları hesab edir ki, Qərb təzyiqi yalnız şərqə daha dərin inteqrasiyanın zəruriliyini təsdiqləyir. Onlar üçün Rusiya sadəcə tərəfdaş deyil, rejimin yaşaması üçün vacib sayılan anti-qərb kimliyinin təminatçısıdır. Bu baxışa görə Qərbə dönüş diplomatik şaxələndirmə yox, 1979-cu ildən bəri qurulmuş ideoloji konstruksiyanın dağılması demək olardı. Tənqidçilər isə Moskvanın ehtiyatlı məsafəsinin təminatlı dəstək illüziyasını ifşa etdiyini deyirlər. Hər iki tərəf realizmə istinad edir, lakin onu fərqli şəkildə izah edir.

Bu mübahisə İranın daha uzunmüddətli siyasi trayektoriyası ilə birbaşa bağlıdır. Tarixi yaddaş XIX əsrdə ərazi itkilərini, 1907-ci ildə İranın ingilis-rus təsir zonalarına bölünməsini, 1905–1911-ci illər Konstitusiya inqilabına müdaxiləni, İran Azərbaycanı və Kürdüstanda separatçıların dəstəklənməsini, 1940-cı illərdə şimal İranın sovet işğalını xatırlayır. Daha yeni narazılıqlar, 2010-cu ildən BMT sanksiyalarına dəstək, Suriyada İsraillə qeyri-rəsmi razılaşmalar və İranın Qərblə münasibətlərdə rıçaq kimi istifadə olunması tənqidçilərin mövqeyini gücləndirib.

İndi İslam Respublikası rəhbərlik dəyişikliyi dövrünə yaxınlaşır və xarici siyasət istiqaməti legitimlik və səriştə göstəricisinə çevrilir. Bu şəraitdə strateji muxtariyyət anlayışının çəkisi artır. Muxtariyyəti nə daha yaxşı qoruyur, qeyri-qərb gücləri ilə sıx uyğunlaşma, yoxsa bir tərəfdaşdan struktur asılılıqdan yayınan daha çevik və şaxələndirilmiş diplomatiya? Hazırkı qarşıdurma bu sualı mərkəzə çıxarıb.

ABŞ ilə İran arasındakı böhran əslində Rusiyanın etibarsızlığından daha çox çoxqütblülüyün təbiəti barədədir. Moskvanın hərbi təminat vermək istəməməsi xəyanət deyil, onun strateji modelinin davamıdır. Rusiya öhdəliksiz təsirə, münaqişəyə cəlb olunmadan rıçaqlara üstünlük verir. Onun Yaxın Şərqdə münasibətləri çoxsəviyyəli və üst-üstə düşəndir, blokların möhkəmləndirilməsinə deyil, maksimal çevikliyə yönəlib. Bu kontekstdə İran vacib tərəfdaşdır, lakin bir neçə tərəfdaşdan yalnız biridir.

Çinin yanaşması da oxşardır, eskalasiyanın ritorik pislənməsi, sabit iqtisadi əməkdaşlıq və İran naminə ABŞ ilə birbaşa qarşıdurmadan ehtiyatlı yayınma. Nə Moskva, nə də Pekin regionda klassik müttəfiqlik məntiqi ilə hərəkət etmir. Hər iki paytaxt ölçülü məsafəyə üstünlük verir.

Tehran üçün Rusiya ilə ticarət davam edir, enerji koordinasiyası inkişaf edir və müdafiə əməkdaşlığı səssiz və mərhələli şəkildə dərinləşə bilər. Çin İran üçün həyati əhəmiyyətli iqtisadi tərəfdaş olaraq qalır. Məsələ şərqə yönəli yaxınlaşmanın iflasında deyil, onun sərhədlərinin aydınlaşmasındadır.

Vaşinqton baxımından bu aydınlıq əhəmiyyətlidir. Əgər Rusiyanın dəstəyi diplomatiya və vasitəçiliklə məhdudlaşırsa, ABŞ siyasətçiləri Moskva ilə birbaşa qarşıdurma riskindən ehtiyat etmədən Tehrana təzyiqi kalibrləyə bilərlər. Müttəfiqlik öhdəliklərinin olmaması ritorika sərtləşsə belə bloklaşma riskini azaldır.

İndi İslam Respublikası qarşısında müharibə və ya sülhdən daha az dramatik, lakin daha əhəmiyyətli seçim dayanır, tərəfdaşların qoruyucu deyil, praqmatik olduğu dünyada realizmi necə müəyyən etmək. Mütəhhəri və Fəlahətpişə kimi fiqurların arqumentlərində ifadə olunan və İran siyasi elitasında geniş əks-səda tapan bu mübahisə təkcə cari böhrana reaksiyanı deyil, həm də Xameneidən sonrakı dövrdə İranın strateji mövqeyini formalaşdıracaq.

Tərcümə Poliqon-a aiidr

Poliqon.info

Chosen
22
poliqon.info

1Sources