EN

Pensiyalarda artım mümkündür: "Mexanizm də var"

Pensiyaların artırılması və artıq ödənilmiş pensiyanın tutulması qaydasına yenidən baxılması təklif olunur. 

Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”ndə əksini tapıb. 

Ombudsmanın pensiya sahəsində təkliflərindən biri, əmək pensiyasının minimum məbləği artırılarkən məbləğindən asılı olmayaraq, həmin artıma qədər təyin edilmiş bütün pensiya məbləğlərinin müvafiq artıma mütənasib və ya müəyyən olunmuş məbləğdə (və ya faiz nisbəti ilə) artırılmasıdır. 

Burada həmçinin- əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilməsinin pensiyaçının səhvindən baş vermədiyini, bu halın müvafiq qurumun fəaliyyətində olan funksional nöqsanlarla bağlı olduğunu, habelə sonrakı tutulmaların əmək pensiyaçısının sosial vəziyyətini ağırlaşdırdığını nəzərə alaraq, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin əmək pensiyasından tutulması üçün “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsində nəzərdə tutulmuş müddətin 1 ilə azaldılması (hazırda bu tutulmanın son 3 il üçün aparılması nəzərdə tutulur) öz əksini tapıb. 

Bundan başqa, dövlət qulluğunda azı 35 il iş stajı olan şəxslərin güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər siyahısına daxil edilməsi və bununla əlaqədar “Əmək pensiyaları haqqında” Qanuna müvafiq dəyişikliklərin edilməsi;  pensiya yaşına az qalmış işsiz şəxslərin məşğulluğunun təmin edilməsi sahəsində səmərəliliyin artırılması məqsədilə Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası”nın 1.2-ci bəndində həmin şəxslərə münasibətdə nəzərdə tutulmuş iki il müddətin beş il müddətlə əvəz edilməsi, habelə çoxuşaqlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həmin bənddə himayəsində üç və ya daha çox uşağı olan şəxslərin də nəzərə alınması ilə bağlı dəyişikliklərin edilməsi də təkliflərdə yer alıb. 

Qeyd edək ki, son vaxtlar ən çox müzakirə mövzusu olan məsələlərdən biri məhz pensiya ilə bağlıdır. Ombudsman tərəfindən irəli sürülən pensiyaların artırılması ilə bağlı təkliflərin reallaşması mümkündürmü?   

Məsələ ilə bağlı iqtisadçı-ekspert Fuad İbrahimov “Cebheinfo.az”-a bildirib ki, pensiyalarla bağlı  əsas məsələ baza hissəsidir və  icra mexanizmi də var: 

“Təklifdə öz əksini tapan paralellik məsələsinə gəldikdə,  burada öz əksini tapan müəyyən bazada artım olanda digər bazalara da təsir etməsi  vacib məqamdır. Bunun həlli istiqamətində addımlar atmaq olar. Problem o deyil ki, ödəniş qabiliyyətimiz yoxdur. 

Bizim kifayət qədər maliyyə dayanıqlılığımız da, digər göstəricilərimiz də  var. Real çərçivədə bu minimumların səviyyəsi müəyyən edilməlidir və problem budur. Konkret olaraq pensiyaların artırılması mümkündür və mexanizmləri də var”.

Chosen
16
1
cebheinfo.az

2Sources