EN

Minimum əməkhaqqı artırılacaq?

Əmək Məcəlləsinə edilən yeni dəyişikliklərə əsasən, minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Hazırda ölkədə ən aşağı maaş 400 manatdır. Bəs 2026-cı ildə minimum əməkhaqqı artırılacaq?İqtisadçı ekspert Xalid Kərimli Metbuat.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, bu minimum əməkhaqqına hər il baxılması onun mütləq hər il artırılması kimi başa düşülməməlidir: “Yəni məcburi deyil ki, hər il minimum əməkhaqqı artırılsın. Pensiya haqqında qanunvericiliyə görə isə indeksasiya məcburidir, yəni hər il əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq pensiyalar artırılmalıdır. Minimum əməkhaqqı ilə bağlı isə tələb olunur ki, mütləq şəkildə baxılsın və ehtiyac olarsa, artırılsın. Buna görə də bunu birmənalı şəkildə “mütləq artırılacaq” kimi başa düşmək düzgün deyil. Yəni hər il mütləq artırılmalıdır deyə məcburedici norma yoxdur”. X.Kərimlinin fikrincə, xüsusilə sürətli inflyasiya dövrlərində sadəcə gözlənti ola bilər ki, artım baş verəcək. Lakin qərar qiymətləndirmələrdən sonra verilir: “Çünki minimum əməkhaqqı həm dövlət, həm özəl, həm də bələdiyyə sektorları üçün eynidir və mülkiyyət formasından asılı deyil. Hökumət bu standartı özəl sektor üçün də müəyyənləşdirdiyinə görə qərarı asan vermir, özəl sektorun imkanlarına, əmək bazarının vəziyyətinə, əmək şəraitinə və digər amillərə baxılır, sonra kompleks şəkildə qərar qəbul olunur. İnflyasiya dövründə ehtimal etmək olar ki, hər il artım baş verə bilər, amma bu məcburi deyil. Qanun qüvvəyə mindiyi üçün bu qaydalar 2026-cı il üçün də keçərlidir. Məsələ ondadır ki, baxışın ilin hansı vaxtında olacağı dəqiq deyil — ortasında, yoxsa sonunda. Qanunda sadəcə ildə bir dəfə baxılması nəzərdə tutulur. Güman etmək olar ki, bu məsələyə 2026-cı ilin sonuna yaxın, növbəti büdcə ili üçün baxılacaq. Çünki büdcə artıq təsdiqlənib”. İqtisadçı artımın həcmi ilə bağlı bildirib ki, ötən il inflyasiya təxminən 7–10 faiz olub, bu il də oxşar səviyyə gözlənilir: “Təxminən 10–12 faizlik artım bu il üçün mümkün görünür. Çünki ötən il minimum əməkhaqqı artırılmayıb. Məncə, 2026-cı ilin sonlarında belə bir artım edilə bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
16
metbuat.az

1Sources