EN

Pakistan-Əfqanıstan müharibəsinin mənbəyi: terrorçuluq, yoxsa "Dürand xətti"? - ŞƏRH » AzadMedia.az

 



Pakistanla Əfqanıstan arasında qarşıdurma münaqişə vəziyyətindən müharibə halına keçib.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 27-də vəziyyətlə bağlı açıqlama verib: "Qüvvələrimiz istənilən təcavüzkar niyyəti əzməyə qadirdir. Bütün əhali Pakistan Silahlı Qüvvələri ilə çiyin-çiyinə dayanır".

Rəsmi İslamabad fevralın 27-də gecə saatlarında Əfqanıstanın paytaxtı Kabil də daxil olmaqla bir neçə şəhərə hava zərbələri endirib. İslam Respublikasının müdafiə naziri Xavaca Asif "X" sosial şəbəkəsində bildirib ki, bir neçə aylıq silahlı toqquşmalardan sonra iki qonşu ölkə arasındakı gərginlik "açıq müharibəyə" çevrilib.

Ölkənin informasiya naziri Attaullah Tarar "X"də Pakistan ordusunun Kabuldakı, eləcə də Paktiya və Qəndəhar vilayətlərindəki hədəflərə zərbələr endirdiyini təsdiqləyib.

Baş nazir Məhəmməd Şahbaz Şərif və Prezident Asif Əli Zərdari "Taliban" hökuməti qüvvələri ilə sərhəddə gərginliyin artması fonunda Pakistanın suverenliyi, ərazi bütövlüyünü və vətəndaşlarını müdafiə etmək əzmində olduqlarını bildiriblər.

Qeyd edək ki, ötən həftə Pakistanın Əfqanıstana havadan zərbə endirdiyi və bunun nəticəsində 18 nəfərin öldüyünə dair xəbərlər yayılmışdı. Rəsmi İslamabad zərbələrin iki ölkənin dövlət sərhədi yaxınlığında ehtimal olunan döyüşçü düşərgələrini hədəf aldığını və bunun Pakistandakı son intiharçı terrorçu hücumlarına cavab olduğunu bildirmişdi.

Yeri gəlmişkən, fevralın 12-dən 24-dək müddət ərzində İslam Respublikasında üç partlayış hadisəsi baş verib. Birincisi, Pakistanın Xeybər-Paxtunxva əyalətində baş verib. Partlayış nəticəsində 12 nəfər yaralanıb. İkinci hadisə fevralın 19-da Pakistanın Kəraçi şəhərinin Solcer Bazar rayonunda qeydə alınıb. Bu hadisə nəticəsində 16 nəfər ölüb, 14 nəfər yaralanıb. Üçüncü hadisə isə fevralın 24-də törədilib. Həmin gün Hayber-Paxtunxva əyalətində polis əməkdaşlarının xidməti maşınına hücum olub, 6 asayiş keşikçisi öldürülüb.

Fevralın 26-da isə Əfqanıstan "Taliban" hökuməti silahlı qüvvələrinin Pakistanın sərhəd postlarına qarşı "genişmiqyaslı hücum" həyata keçirdiyini, "çoxlu sayda" Pakistan əsgərini öldürdüklərini bildirib.

Buna cavab olaraq fevralın 27-də gecə saatlarında Pakistan Əfqanıstanın paytaxtına hava zərbəsi endirib. Bundan başqa, qırıcıların "Taliban"ın Darul-Amandakı hərbi korpusuna hücum etdiyi bildirilib. Məlumata görə, Pakistan Hərbi Hava Qüvvələri, həmçinin "Taliban"ın Nəngərhar vilayətindəki silah anbarına zərbə endirib. Bildirilib ki, Pakistan Əfqanıstana kütləvi zərbələr endirərək "Taliban"ın sursat anbarını və 30-dan çox hərbi texnikanı məhv edib.

Xavaca Asif "Taliban" hökumətini Əfqanıstanda terrorçulara sığınacaq verməkdə, Hindistanın müstəmləkəsinə çevrilməkdə ittiham edib. Əfqanıstanın "Taliban" hökumətinin Müdafiə Nazirliyi isə öz növbəsində bildirib ki, "Dürand xətti"ndən kənardakı əməliyyatlarda 55 pakistanlı hərbçi öldürülüb, qarşı tərəfin iki bazasını və 19 mövqeni nəzarət altına aldıqlarını, habelə səkkiz əsgərinin öldüyünü, 11-nin yaralandığını bildirib.

Son bir neçə ayda İslamabad qonşu ölkənin hakimiyyətini ərazisində terror hücumları törədən silahlı qruplaşmalara qarşı fəaliyyətsizlikdə ittiham, Kabul isə bu ittihamları rədd edir. Tərəflər sərhədboyu əməliyyat keçirdiklərini və itkilərin olduğunu bildirirlər.

Bu ölkələr arasında sərhəd münaqişəsi ilk hadisə deyil. 2024-cü ilin martından başlayaraq az qala hər ay tərəflər arasında silahlı qarşıdurma baş verir. Məsələn, həmin il martın 16-da silahlı dəstələr sərhəd postunda partlayıcı maddələrlə dolu yük maşınını partladıb, Pakistan əsgərlərini atəşə tutublar. Yük maşınının partlaması və atışma nəticəsində Pakistanın yeddi əsgəri ölüb. Pakistan ordusu da altı silahlını öldürdüyünü bildirib.

Sonra Pakistan Əfqanıstanla sərhədyanı ərazilərə havadan zərbə endirdiyini elan edib. Qarşı tərəf də cavab atəşi açdıqlarını bəyan edib.

Yəni ötən iki ilə ərazində tərəflər arasında daim qarşıdurma və atışma olub.

Əvvəllər Pakistan İslam Respublikası Əfqanıstanı "Taliban" hərəkatını formalaşdırmaqda, dəstəkləməkdə ittiham edirdisə, 2021-ci ildə onların yenidən hakimiyyətə qayıdışından sonra Əfqanıstan və Pakistan arasında dəfələrlə sərhəd münaqişələri baş verib.

2025-ci il oktyabrın 18-19-da Dohada Əfqanıstan, Pakistan, Türkiyə və Qətərin nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdi. İslamabad və Kabul atəşkəs barədə razılığa gəlmişdi.

Qeyd edək ki, daha əvvəl, Pakistan və Əfqanıstan arasında sərhəd toqquşmalarından sonra oktyabrın 15-də 48 saatlıq atəşkəs elan edilmişdi, sonradan bu, Türkiyə və Qətərin dəstəyi ilə Dohadakı danışıqlar başa çatanadək uzadılmışdı. Bunun ardınca həmin il oktyabrın 25-dən 30-dək İstanbulda yenə Türkiyə və Qətərin vasitəçiliyi ilə Pakistanla "Taliban" hökuməti atəşkəs rejimini davam etdirəcəklərinə dair razılığa gəlmişdilər. Həmin danışıqlardan sonra tərəflər noyabrın 6-da İstanbulda əlavə prinsipləri müəyyənləşdirmək məqsədilə yüksəksəviyyəli görüşdə müzakirə etməyə dair razılığa gəlmişdilər. Türkiyə Xarici İşlər Nazirliyi bildirmişdi ki, tərəflər sülhə riayət olunmasını təmin edəcək və razılaşmaları pozan tərəfə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan monitorinq və verifikasiya mexanizminin yaradılması barədə razılığa gəliblər.

Ancaq sonrakı hadisələr atəşkəslə bağlı əldə edilən şərtləri tamamilə qüvvədən saldı.

İndi sanksiyanın tətbiqi daha aktual görünür. Azından Türkiyə və Qətər atəşkəsi pozan tərəfə sanksiya tətbiq edəcək, yaxud bu məhdudlaşdırıcı tədbirə beynəlxalq ictimaiyyətin qoşulacağını təşkil edəcəklər. Hələ ki bu məsələ gündəliyə gətirilməyib.

Deməli, əsas məsələ atəşkəsin əldə edilməsində deyil. Bu müharibəni, qarşıdurmanı yaradan, yaxud onu doğuran səbəblərin müzakirə mövzusu olması qarşıdurmanın həllinə daha çox töhfə verə, onun həllinə yardım edə bilər. Bu, həm də perspektivdə iki qonşu dövlətin dinc yanaşı yaşamasına stimul verər.

130 illik tarixi olan mübahisəli ərazidə ziddiyyət "Dürand xətti" ətrafında cəmlənib. Bu xətt Əfqanıstan Əmiri Əbdürrəhman xan və Böyük Britaniyanın Hindistan Müstəmləkə İdarəsinin katibi Mortimer Dürand arasında 1893-cü ildə aparılan danışıqlar nəticəsində yaranıb. Əfqanıstan hökuməti onu sərhəd kimi tanımaqdan imtina edir.

Cənubi Mərkəzi Asiyada Əfqanıstan ilə Pakistan arasında 2670 kilometr uzunluğunda sərhəd mövcuddur. Bu xətt Birləşmiş Krallığın Britaniya Hindistanını genişləndirməyə çalışdığı üç ingilis-əfqan müharibəsi nəticəsində meydana gəlib. Həmin dövrlərdə ingilislər Rusiyanın Hindistana yaxınlaşmasından ehtiyatlanaraq Əfqanıstanı bufer ərazi olaraq saxlamağa çalışırdı.

Britaniya İmperiyası Əfqanıstanı işğal edə bilmirdi. Ancaq ikinci əfqan-İngilis müharibəsində əfqanların məğlub olmasından sonra - 1893-cü ildə Əfqanıstan-Britaniya Hindistanı arasında sərhəd xətti müqaviləsi razılaşdırılır. Bu xətt regionun ən böyük millətlərindən biri olan puştunların yaşadığı Puştunistan adlı regionu iki yerə ayırırdı. Elə bu bölünmə gələcək problemlərin bünövrəsini qoydu.

Məlumatlara əsasən, Britaniya-Rusiya "Böyük oyun"un sonlarına doğru qurulan bu xətt Əfqanıstanı bölgədəki İngilis və Rusiya maraqları arasında bufer zonası olaraq təyin etdi. 1919-cu ildə İngiltərə-Əfqanıstan müqaviləsi ilə bir qədər dəyişdirilsə də, bu xətt 1947-ci ildə Hindistanın bölünməsindən sonra Pakistana miras olaraq qaldı.

"Dürand xətti"nin hər iki tərəfində etnik puştunlar yaşayır. Bu xətt bir etnosu ikiyə bölərək Pakistan və Əfqanıstandan keçir. Pakistanın şimal və qərbindəki Hayber-Paxtunxva, Bəlucistan və Gilgit-Baltistanı Əfqanıstanın şimal-şərq, şərq və cənub əyalətlərindən ayırır.

Xəttin qərb ucu İran, şərq ucu isə Çinin qərbindədir. Bölgə bir sıra baxımlardan qaçaqmalçılıq və terrorizmə görə ən təhlükəli ərazilərdən biri kimi tanınır. Beynəlxalq səviyyədə Pakistan ərazisi olaraq tanınsa da, Əfqanıstan onu qəbul etmir. Odur ki, məsələyə "Taliban" hökuməti ilə Pakistan arasında münaqişə kimi baxılması elə də məqbul sayılmır. Çünki bu məsələ sonralar da Əfqanıstanda müxtəlif hakimiyyətlər tərəfindən dəfələrlə qaldırılıb.

Əfqanıstanın ilk Prezidenti Məhəmməd Davud Xan məsələyə yenidən baxılması üçün mübarizə aparmışdı. Bununla belə, 1976-cı ildə Pakistana rəsmi səfəri zamanı "Dürand xətti"ni beynəlxalq sərhəd kimi tanıyaraq mövqeyini yumşaltmışdı.

2017-ci ildə sərhədlərarası gərginliklər fonunda Əfqanıstanın keçmiş prezidenti Həmid Karzai "Dürand xətti"ni iki ölkə arasındakı beynəlxalq sərhəd olaraq "heç vaxt tanımayacağını" söyləmişdi.

Xəttin hər iki tərəfində həm də bəluc tayfaları da yaşayırlar.

Beləliklə, yüz ildən artıqdır, Pakistanla Əfqanıstan arasında münasibət gərgin olub. Zaman-zaman Əfqanıstan Pakistandakı siyasi proseslərə İslam Respublikasındakı puştunlar və bəluclar vasitəsilə təsir göstərməyə çalışır.

Pakistanla Cammu və Kəşmirə görə aralarında ziddiyyət olduğu üçün Hindistan indi də "Taliban" hökumətini dəstəkləyir.

ABŞ-nin Əfqanıstan və Pakistan üzrə xüsusi elçisi Riçard Holbruk 2010-cu ildə "Hindistanın Əfqanıstanla ortaq bir sərhədi yoxdur" açıqlaması Hindistanda mübahisələrə səbəb olmuşdu. Bununla belə, 2015-ci ildə Hindistanda Əfqanıstanla sərhədi olmasına dair iddialar gündəlikdədir.

"Dürand xətti" həm də puştunların müstəqil dövlət qurmaq ideyasına maneə sayılır. İddia olunur ki, Əfqanıstan əhalisinin sayı 37 milyon nəfərdir, bunun 15 milyonu puştundur. Onlar ölkədə əsas güc və söz sahibidir. Bu etnik qrup Böyük Əfqanıstan qurmaqla "müstəqil Puştunistan" qurmağı hədəfləyirlər. Bu isə ölkənin parçalanmasına, yaxud federallaşmasına səbəb ola bilər və s.

Odur ki, "Dürand xətti" taleləri, millətləri bölərək iki qonşunu yüz ildən artıqdır, düşmən edib. İki müsəlman dövlət müqəddəs Orucluq ayının mahiyyətinə belə məhəl qoymadan bir-birinə qarşı hərbi güc tətbiq edirlər. Bu baxımdan, problemi müxtəlif qruplaşmalara, terrorizmə, rejimlərə, hökumətlərə bağlamaq, problemi görməzdən gəlmək Pakistan-Əfqanıstan münasibətinə ziyandan başqa heç nə vəd etmir. "Dürand xətti" iki ölkə arasında düşmənlik səddidir. Ondan xarici güclər regiona təsir vasitəsi, aləti olaraq istifadə edib, iki islam dövlətinin bir-birinə yaxınlaşıb güclənməsinə imkan vermirlər.

Bu mənada, "Dürand xətti" müharibə yolu ilə pozulana oxşamır. Onun danışıqlarla aradan qalxması, ortaq maraqlara daha çox uyğun görünür.(Report)

Chosen
4
1
azadmedia.az

2Sources