EN

Tarixi şəxsiyyət Abbasqulu bəy Şadlinskinin xatirəsinə həsr edilən elektron məlumat bazası hazırlanıb

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 27 fevral, AZƏRTAC

Bu il Azərbaycanın hərb tarixində və ictimai-siyasi həyatında özünəməxsus iz qoymuş, XX əsrin əvvəllərində ölkəmizin qərb bölgəsində azadlıq uğrunda apardığı mübarizədə böyük xidmətləri olan tarixi şəxsiyyət, xalq qəhrəmanı, "Qırmızı tabor"un komandiri Abbasqulu bəy Şadlinskinin 140 illik yubileyi tamam olur.

Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Abbasqulu bəy Şadlinskinin 140” adlı elektron məlumat bazası hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, özündə 20-dən çox bölməni cəmləyən bazada Abbasqulu bəyin həyatının ən önəmli tarixləri, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, qəhrəmanlığı və şücaəti sayəsində layiq görüldüyü mükafatlar haqqında məlumat verilir. Bazada “Abbasqulu Bəy Şadlinski: Bir elin, elatın deyil, bütöv Azərbaycan xalqının qəhrəmanı”, “İtirilmiş yurdun qeyrətli el qəhrəmanı”, “Yazılmamış tariximiz silsiləsindən – xalq qəhrəmanı Abbasqulu Bəy Şadlinski” bölmələri vasitəsilə Azərbaycanın hərb tarixində nizami ordu ilə partizan müharibəsini sintez edən nadir komandirlərdən olan Abbasqulu bəy Şadlinskinin həyatı, hərbi, ictimai-siyasi fəaliyyəti haqqında geniş və dolğun məlumat verilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada Abbasqulu bəy Şadlinski haqqında qələmə alınan kitabların və dövrü mətbuat nümunələrinin siyahıları ilə yanaşı, xatirəsinin əbədiləşdirilməsi haqqında məlumatlar, Abbasqulu bəy haqqında çəkilən bədii və sənədli filmlər də təqdim edilir. Bazada “Milli iftixarımız”, “Şadlinskilər”, “Virtual sərgi”, “Foto və video qalereya” bölmələri də mövcuddur.

“Abbasqulu bəy Şadlinskinin 140” adlı elektron məlumat bazası kitabxananın rəsmi saytında https://ryl.az/melumat-bazalari/Abbasqulu_bey_Shadlinski_el_melumat_bazasi/index.html yerləşdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
11
2
azertag.az

3Sources