EN

Xocalı Memorial Kompleksi: milli tarixi yaddaşımızın rəmzi

Ses qazeti saytına istinadən ain.az xəbər verir.

Xocalı soyqırımının əsl hüquqi qiymətini alması və dünyanın belə bir cinayətdən xəbərdar olması ilə bağlı milli səviyyədə fəaliyyət davam edir. Xocalı soyqırımının 34-cü ildönümündə Memorial Kompleksinin inşası da bu fəaliyyətin tərkib hissəsidir. Bu abidə ilk növbədə milli tarixi yaddaşın daha da möhkəmlənməsi, eyni zamanda Azərbaycanın yeni mərhələdə öz gücünə və siyasi iradəsinə əsaslanan inkişaf yolunun simvoludur.

Prezident İlham Əliyevin Xocalı Memorial Kompleksinin açılışında səsləndirdiyi bəyanatlar da dövlət siyasətinin prioritet istiqamətlərini bir daha nümayiş etdirdi. Belə ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə beynəlxalq hüquq əsasında tarixi ədaləti bərpa etmiş oldu.

Dövlət başçımız Ermənistanın, həmçinin işğal və soyqırım cinayətlərinə göz yuman qərəzli dairələrin bu qanlı faciəni ört-basdır etmək cəhdlərini bir daha xatırlatdı.

Erməni havadarlarının Azərbaycanı bu faciədə günahlandırmağa çalışması isə riyakarlığın pik həddi idi. Bu illər ərzində görülən işlər, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət” kampaniyası Xocalı həqiqətlərini dünyaya tanıtdı.

1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımının Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olması sübuta yetirildi.

Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri olaraq qalır. Rəsmi Bakı bu xüsusda həm diplomatik, həm də informasiya cəbhəsində mübarizəni paralel şəkildə aparır.

Cənab Prezident çıxışında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edildiyini xüsusi vurğuladı. “Son 80 ildə bizim qədər tam və mütləq qələbə qazanan ikinci dövlət olmayıb”, – deyən dövlət başçımız bu kontekstdə 2020-ci ildə başa çatan Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatından sonra yaranmış yeni geosiyasi reallıqlara diqqət çəkdi. Xocalıda Memorial Kompleksin məhz azad edilmiş torpaqlarda ucaldılması isə dövlətin siyasi iradəsinin göstəricisidir.

Beləliklə, Azərbaycan artıq post-münaqişə mərhələsində qalib və suveren dövlət kimi mövqelərini möhkəmləndirir.

“Böyük Qayıdış” proqramı çərçivəsində azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələri, sosial obyektlərin tikintisi və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edir. Cənab Prezident də vurğuladı ki, Xocalı və digər yaşayış məntəqələrinin yenidən qurulması infrastrukturun bərpası ilə yanaşı, həm də sosial ədalətin təmin olunması və milli ləyaqətin bərpasıdır. Bu baxımdan Xocalı Memorial Kompleksini dövlətin öz vətəndaşlarının təhlükəsizliyini və hüquqlarını qorumaq əzminin göstəricisi kimi də qiymətləndirə bilərik.

Ümumiyyətlə, Azərbaycan regionda davamlı sülhün təmin olunması üçün qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə əməl olunmasını zəruri hesab edir. Cənab Prezidentin Xocalıdan verdiyi mesajlar da Azərbaycanın sülh gündəliyini irəli aparmaqla yanaşı, heç vaxt milli maraqlarından geri çəkilməyəcəyini bir daha nümayiş etdirir. Bu xüsusda dövlət başçımızın da bəyan etdiyi kimi: “Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin. Artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil.”

Nigar Məmmədova

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
1
sesqazeti.az

2Sources