EN

“Xocalıda Memorial Kompleksin açılışı ədalətin tam bərqərar olmasının rəmzidir” - Əziz Ələkbərli

Bu gün artıq yalnız hüzn və kədər günü deyil, həm də mənəvi qələbənin və ədalətin tam bərqərar olduğu tarixi bir gündür.

SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Əziz Ələkbərli parlamentin plenar iclasında çıxışı zamanı səsləndirib.

Deputat bildirib ki, Xocalı şəhərində inşa edilmiş Memorial Kompleksin açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı ölkəmizin son 30 ildə keçdiyi yolun strateji yekunu kimi qiymətləndirilə bilər: “Dövlət başçısı bu çıxışı ilə Azərbaycanın həm hərbi-siyasi gücünü, həm də mənəvi üstünlüyünü bütün dünyaya bir daha nümayiş etdirdi. Bu mərasim təkcə bir abidənin açılışı deyil, həm də Azərbaycanın keçdiyi çətin və şərəfli yolun, əldə etdiyi tarixi Zəfərin və gələcək hədəflərinin rəmzi ifadəsidir”.

Əziz Ələkbərli vurğulayıb ki, Prezident İlham Əliyev çıxışında Memorial Kompleksin məhz Xocalıda ucaldılmasının xüsusi simvolik məna daşıdığını qeyd edib: “Uzun illər işğal altında qalmış bu torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır və xalqımız öz doğma şəhərinə qalib xalq kimi qayıdıb. Xocalıya qayıdış yalnız fiziki deyil, eyni zamanda mənəvi qayıdışdır və bu, ədalətin bərpasıdır”.

Deputat qeyd edib ki, Xocalı Memorial Kompleksi şəhidlərin əziz xatirəsini əbədiləşdirən, xalqın milli birliyini və iradəsini təcəssüm etdirən müqəddəs məkandır: “Bu abidə gələcək nəsillərə qalib, güclü və müstəqil Azərbaycanın mirasını ötürən mühüm tarixi qərarın nəticəsidir”.

Onun sözlərinə görə, Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Xocalıya yalnız ağrı ilə deyil, qurub-yaradan və sahib kimi qayıdıb və bu gün açılan memorial həm keçmişə olan borcun ifadəsi, həm də gələcək nəsillərə ünvanlanan güclü dövlətçilik mesajıdır.

Müəllif: Günel Fərzəliyeva
Chosen
9
sia.az

1Sources