EN

Ərdoğan:Türkiyə böyük dəyişikliyin astanasındadır

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdogan bildirib ki, son illərdə Türkiyə bir çox ölkənin heyranlıqla izlədiyi mühüm irəliləyişlərə imza atıb və hazırda ölkədə demək olar ki, bütün sahələrdə tarixi dəyişiklik yaşanır.

Vətəninfo.az xəbər verir ki, dövlət başçısı bu fikirləri Gənclər və İdman Nazirliyinin Beştəpə Milli Sərgi Salonunda tələbələr, idmançılar və gənclər üçün təşkil etdiyi iftar proqramında çıxışı zamanı səsləndirib.

Ərdoğan çıxışında Ramazan ayının həmrəylik və birlik mühitini gücləndirdiyini vurğulayıb. O qeyd edib ki, yarım əsrə yaxın siyasi fəaliyyəti dövründə hər zaman gənclərlə birlikdə olub və onların dəstəyini hiss edib.

Prezident xatırladıb ki, İstanbul Böyükşəhər Bələdiyyəsinə seçkilərdə, eləcə də AK Partiyanın qurulduğu 14 avqust 2001-ci il tarixində gənclər hər zaman onların yanında olublar. Onun sözlərinə görə, Türkiyənin bugünkü inkişaf səviyyəsinə çatmasında gənclərin rolu böyükdür.

Dövlət başçısı bildirib ki, müdafiə sənayesindən texnologiyaya qədər bir çox sahədə ciddi transformasiya baş verir. PUA və zərbə PUA-larından kosmik tədqiqatlara, süni intellektdən böyük texnologiya layihələrinə qədər müxtəlif istiqamətlərdə gənclərin əməyinin xüsusi payı olduğunu vurğulayıb.

Ərdoğan qeyd edib ki, müdafiə sənayesində 3500-dən çox şirkətdə çalışan gənclərin fəaliyyəti qürur doğurur. O, həmçinin TEKNOFEST gənclərinin əzmini yüksək qiymətləndirib və hökumətin onların potensialından tam istifadə etməsi üçün dəstəyini davam etdirəcəyini bildirib.

Prezidentin sözlərinə görə, vəzifəyə gəldikləri dövrdə ölkədə cəmi 9 gənclər mərkəzi fəaliyyət göstərirdisə, hazırda bu rəqəm 570-ə çatıb. Ali təhsil sahəsində 132 yeni universitet açılıb və ümumi universitet sayı 208-ə yüksəlib.

Yataqxanaların sayı 190-dan 875-ə çatdırılıb, tələbələr üçün 1 milyon çarpayılıq tutuma malik müasir və təhlükəsiz şərait yaradılıb. Seçki yaşı isə əvvəlcə 30-dan 25-ə, daha sonra 18-ə endirilib.

Ərdoğan əlavə edib ki, ölkənin 81 vilayətində stadionlar, qapalı idman zalları, üzgüçülük hovuzları və atletika meydançaları inşa olunub. İdman obyektlərinin ümumi sayı 1575-dən 4562-yə yüksəlib. Türkiyə olimpiadalarda da tarixinin ən yüksək medal göstəricilərinə nail olub. Qadın idmançıların milli komandalardakı payının 45 faizdən çox artırıldığı bildirilib.

Çıxışının sonunda Ərdoğan gənclərə müraciət edərək bildirib ki, Türkiyə Respublikası onların vətənidir və ölkənin gələcəyi onların çiyinlərində yüksələcək. O vurğulayıb ki, heç kim geyiminə, inancına və ya siyasi baxışlarına görə vətəndaşlara təzyiq göstərə bilməz.

Prezident gəncləri birlik və həmrəylik içində ölkənin gələcəyini qurmağa çağırıb və nifaq yaratmağa çalışan qüvvələrə qarşı ayıq olmağa səsləyib.

Chosen
24
veteninfo.az

1Sources