EN

Tariximizin qanlı səhifəsi və milli yaddaşımızın ağrısı ŞƏRH

ain.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

26 fevral 1992-ci il Azərbaycan tarixinin ən faciəli və unudulmaz günlərindən biridir. Bu tarixdə Xocalı şəhərində dinc və silahsız əhaliyə qarşı misli görünməmiş qəddarlıq törədilmiş, yüzlərlə insan yalnız azərbaycanlı olduqlarına görə xüsusi amansızlıqla qətlə yetirilmişdir. Xocalı soyqırımı təkcə bir şəhərin faciəsi deyil, bütövlükdə Azərbaycan xalqına qarşı yönəlmiş ağır və planlı cinayət aktıdır.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri mühasirəyə alınmış və hücuma məruz qalmışdır. Şəhərdə qalan mülki əhali – qadınlar, uşaqlar, qocalar – ağır hava şəraitində şəhəri tərk etməyə çalışarkən pusquya salınmış və xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Rəsmi məlumatlara əsasən, 613 nəfər öldürülmüşdür ki, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca olmuşdur. 1275 nəfər əsir götürülmüş, yüzlərlə insanın taleyi uzun müddət naməlum qalmışdır. Səkkiz ailə tamamilə məhv edilmiş, onlarla uşaq hər iki valideynini itirmişdir.

Xocalı soyqırımı beynəlxalq humanitar hüququn və insan hüquqlarının kobud şəkildə pozulması idi. Dinc əhaliyə qarşı törədilmiş bu qətliam öz mahiyyətinə görə soyqırımı aktıdır və insanlıq əleyhinə cinayət kimi qiymətləndirilməlidir. Hadisə zamanı insanlara qarşı işgəncələr verilmiş, meyitlər təhqir olunmuş, xüsusi qəddarlıq nümayiş etdirilmişdir. Bu faktlar çoxsaylı şahid ifadələri və beynəlxalq hesabatlarla təsdiqlənmişdir.

Azərbaycan dövləti Xocalı faciəsinə siyasi-hüquqi qiymətin verilməsi istiqamətində mühüm addımlar atmışdır. 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 26 fevral tarixi “Xocalı Soyqırımı Günü” elan edilmişdir. Bu qərar hadisənin dövlət səviyyəsində tanınması və beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Sonrakı illərdə Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində genişmiqyaslı işlər görülmüş, müxtəlif ölkələrdə anım tədbirləri və konfranslar təşkil olunmuşdur.

“Xocalıya ədalət!” kampaniyası çərçivəsində aparılan beynəlxalq fəaliyyət nəticəsində bir sıra ölkələrin parlamentləri və beynəlxalq təşkilatlar Xocalı faciəsini soyqırımı və ya insanlıq əleyhinə cinayət kimi tanımışdır. Bu, Azərbaycanın ədalət uğrunda apardığı mübarizənin mühüm nəticələrindən biridir.

Xocalı soyqırımı milli yaddaşımızda əbədi yaşayır. Bu faciə bizə göstərdi ki, milli birliyimiz, həmrəyliyimiz və dövlətçilik dəyərlərimiz hər zaman qorunmalı və möhkəmləndirilməlidir. Şəhidlərin xatirəsi qarşısında borcumuz onların qanı bahasına qorunan vətən torpaqlarını inkişaf etdirmək, müstəqil və güclü Azərbaycan naminə çalışmaqdır. Tarixini unutmayan xalq gələcəyini daha möhkəm qurur.

2020-ci ildə qazanılan tarixi Qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bu Qələbə həm də Xocalı şəhidlərinin ruhuna ehtiramın və ədalətin təntənəsinin ifadəsi oldu. Azərbaycan xalqı heç vaxt Xocalı faciəsini unutmayacaq, bu həqiqətləri gələcək nəsillərə ötürəcəkdir. Xocalı soyqırımı insanlıq tarixində qara səhifə olaraq qalacaqdır. Biz bu faciənin qurbanlarını dərin ehtiramla yad edir, onların əziz xatirəsini daim uca tuturuq. Xocalını unutmaq – tariximizi unutmaq deməkdir. Azərbaycan xalqı isə öz tarixini unutmur və unutdurmayacaqdır.

Könül İbrahimova

YAP Yasamal rayon Elm və Təhsil nazirliyinin Fiziologiya İnstitutu üzrə ərazi partiya təşkilatinin sədri

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
4
sesqazeti.az

1Sources