ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper prezident Donald Trampa İrana qarşı mümkün hərbi hərəkət variantlarını təqdim edib.
Axios jurnalisti Barak Ravidin mənbələrə istinadən xəbərinə görə, görüşdə Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn də iştirak edib. Buna qədər onun İranla bağlı görüşlərə dəvət olunmadığı bildirilir.
Nəşr bildirib ki, "Trampın ABŞ Mərkəzi Komandanlığının komandanı ilə brifinq keçirməsi onun hərbi əməliyyatlarla bağlı qərar verməyə yaxın olduğunu göstərir".
Bu arada Cenevrədə ABŞ-İran nüvə danışıqlarının üçüncü raundu başa çatıb. Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi müzakirələrdən sonra əhəmiyyətli irəliləyişlər olduğunu bildirib və "paytaxtlarda məsləhətləşmələrdən" sonra danışıqların bərpa olunacağını elan edib.
Lakin maraqlıdır ki. danışıqlarda iştirak edən ABŞ Prezidentinin elçisi Stiv Vitkoff və Donald Trampın kürəkəni Cared Kuşner İran nümayəndələri ilə görüşdən məyus ayrılıb.
The Wall Street Journal-ın mənbələrə istinadən verdiyi məlumata görə, buna səbəb Vaşinqtonun, əsas şərtlər olaraq, Tehranın Fordo, Nətənz və İsfahandakı üç nüvə obyektinin sökülməsini və bütün zənginləşdirilmiş uran ehtiyatının ABŞ-a təhvil verilməsini tələb etməsi, Tehranın bu şərtləri rədd etməsi olub.
SAMİRƏ