EN

Orban  Rusiyaya qarşı sanksiyaları buna görə ləngidir – Politico

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqında (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketinin qəbulunu ləngidir. Vətəninfo.az xəbər verir ki, bu barədə Politico nəşri Aİ diplomatlarına istinadən məlumat yayıb.

Məlumata görə, Budapeşt Avropa Komissiyasına 16 milyard avroluq müdafiə krediti üçün etdiyi müraciətin təsdiqlənməsinə nail olmaq məqsədilə sanksiyalar məsələsindən təzyiq vasitəsi kimi istifadə edir. Orban Moskvaya qarşı 20-ci sanksiyalar paketinə və eyni zamanda Kiyevə ayrılması nəzərdə tutulan 90 milyard avroluq kreditə veto qoymaqla hədələyib.

Fevralın 6-da Avropa Komissiyası Rusiyanın enerji, bank sektoru, mal və xidmətlərinə tətbiq olunan məhdudiyyətlərin genişləndirilməsini nəzərdə tutan yeni sanksiyalar paketi təklif edib. Aİ rəhbərliyi Moskvanın Ukraynaya qarşı genişmiqyaslı işğalının dördüncü ildönümünə qədər həm sanksiyalar paketinin, həm də 90 milyard avroluq kreditin yekdilliklə təsdiqlənəcəyinə ümid edirdi.

Lakin Macarıstanın mövqeyi prosesi çətinləşdirib. Bildirilir ki, Kiyevin vəsaitlərinin tükənə biləcəyi aprel ayı ərəfəsində Aİ liderləri Budapeşti vetodan imtina etməyə razı salmaq üçün çıxış yolları axtarırlar. Eyni zamanda, Brüssel Orbanla açıq hüquqi mübahisədən qaçmağa çalışır.

Orban Ukraynadan Rusiyanın hücumu nəticəsində zədələndiyini iddia etdiyi boru kəməri vasitəsilə neft tədarükünün bərpasını tələb edir. Aİ rəsmiləri boru kəmərinin təmiri ilə bağlı vədlərin Macarıstanı vetodan çəkindirə biləcəyinə ümid etsələr də, mənbələr Budapeştin müdafiə krediti təsdiqlənməyənədək sanksiyaları bloklamaqda davam edə biləcəyini bildirir.

Macarıstan Aİ-nin SAFE proqramı çərçivəsində 16 milyard avro məbləğində vəsait üçün müraciət edib. Bu proqram üzv dövlətlərə Rusiya təcavüzü fonunda müdafiə imkanlarını gücləndirmək üçün kollektiv silah alışını aşağı faizli kreditlərlə maliyyələşdirməyə imkan verir.

Avropa Komissiyası hələlik Budapeştin müraciətini təsdiqləməyib. Bəzi media orqanları 2,4 milyard avroluq ilkin ödənişin təxirə salındığını yazsa da, Komissiya müraciətin bloklandığını rəsmi şəkildə təkzib edir. Diplomatlar isə qeyd edirlər ki, siyasi motivli gecikmə görüntüsünün yaranmaması üçün müraciətin qiymətləndirilməsi prosesi başa çatdırılmalıdır. Müdafiə vəsaitinin ayrılması ilə bağlı yekun qərar Aİ-yə üzv dövlətlərin paytaxtlarında veriləcək.

Qeyd edək ki, Avropa Komissiyası daha əvvəl Macarıstanda qanunun aliliyi ilə bağlı narahatlıqlar səbəbindən 17 milyard avro məbləğində regional inkişaf və pandemiyadan sonrakı bərpa fondlarını dondurmuşdu.

Bundan əvvəl Orban Ukrayna Prezidenti Volodimir Zelenskyə ünvanladığı məktubda Budapeştin müharibəyə cəlb edilməsinə cəhd göstərildiyini iddia edib. O, həmçinin Ukrayna üçün nəzərdə tutulan Aİ kreditinin açılması ilə bağlı əlavə şərtlər irəli sürüb.

Macarıstanın son addımları Aİ daxilində Ukraynaya dəstək və Rusiyaya qarşı sanksiyalar məsələsində fikir ayrılıqlarını daha da dərinləşdirib.

Chosen
19
veteninfo.az

1Sources